ABŞ-İran savaşında yeni vasitəçi axtarışı – ŞOK DETALLARbackend

ABŞ-İran savaşında yeni vasitəçi axtarışı – ŞOK DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ ilə İran arasında hərbi qarşıdurma illərlə davam edə bilər”.

Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq xatırladıb ki, tərəflər arasında əldə olunduğu bildirilən 14 bəndlik memorandumun uzunömürlü olmayacağı əvvəldən proqnozlaşdırılırdı. Səbəb isə sənəddə əks olunan müddəaların nə Vaşinqtonun, nə də Tehranın strateji maraqlarını tam əhatə etməsi idi:

“Üstəlik, İranda qərarların kim tərəfindən verildiyi ilə bağlı qeyri-müəyyənlik razılaşmanın icrasını daha da çətinləşdirirdi. Nəticədə rəsmi Tehran daxilində də fərqli mövqelər ortaya çıxdı: prezident və xarici işlər naziri Hörmüz boğazı ilə bağlı nisbətən siyasi xətt nümayiş etdirdiyi halda, SEPAH rəhbərliyi yenidən tankerlərə hücum taktikasına üstünlük verdi. Bu isə Vaşinqton-Tehran qarşıdurmasının uzunmüddətli və daha təhlükəli mərhələyə keçə biləcəyi ehtimalını gücləndirir”.

elxan.jpg (68 KB)

Politoloq vurğulayıb ki, İran və ABŞ hərbi qarşdurmaya başlamaqla Pakistanı da pis vəziyyətdə qoyub:

“İslamabad bu ilin aprelindən başlayaraq tərəflərlə danışıqlar aparır, Vaşinqtonla Tehran arasında ortaq məxrəc tapmağa çalışırdı. Alınmadı. Pakistandan əvvəl Türkiyə də tərəflər arasında vasitəçi olmaq istəyirdi. Ancaq Tehran Ankaranın vasitəçiliyini qəbul etmədi. Müharibədən əvvəl görüş Omanda keçirildi. Ancaq Oman görüşünün də nəticəsi olmadı”.

“İndiki şərtlər altında başqa bir dövlət vasitəçi ola bilərmi? Məsələn, həm Vaşinqton, həm də Tehranla normal münasibətlərə malik olan Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edə bilərmi?” sualına Elxan Şahinoğlu bu cür rəy verib:

“Bu, çətin görünür. Məsələ burasındadır ki, ABŞ-İran müharibəsi və Yaxın Şərqdəki gərginlik Hindistanın da maraqlarına toxunur. Birincisi, Hindistan İran və Körfəz ölkələrindən yanacaqla təmin olunur. Müharibə bu təminatı təhlükə altında qoyub. Məhz bu səbəbdən Hindistanın neft emalı zavodları Rusiyadan daha çox neft almağa başlayıblar.

İkincisi, Hörmüz boğazında üzən tankerlərdə xidmət edənlər arasında xeyli Hindistan vətəndaşı var. Müharibə zamanı hindlilər arasında ölənlər olub.

Üçüncüsü, Körfəz ölkələrində çalışanlar arasında Hindistan vətəndaşları var. Müharibə onlara da təhlükə yaradıb. Dördüncüsü, Hindistan 2014-cü ildə İranın strateji əhəmiyyət kəsb edən Çabahar limanını idarəçiliyə götürüb. Hindistan bu limana böyük sərmayə qoyub. Çabahar İranın Hind okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalı idi. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına, oradan isə Hindistanın Mumbay limanına çatdırılmalı idi. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdırılacaqdı.

ABŞ Çabahar limanına da zərbələr vurub. Müharibə davam edərsə, bu limandan istifadə mümkün olmayacaq. Müharibə dayansa belə, limanın yenidən bərpası üçün böyük vəsait tələb olunacaq. Hindistan dünyanın beşinci ən böyük iqtisadiyyatı, Hind-Sakit Okean təhlükəsizlik arxitekturasında əsas oyunçulardan biri və böyük güclərin fəal şəkildə mübarizə apardığı ölkə olsa da, Yeni Dehli Vaşinqtonla Tehran arasında vasitəçi olmağa risk etməyəcək”.

Politoloq Hindistanın vasitəçi rolunda çıxış etməməsinin digər səbəbini də qeyd edib:

“Hindistan və İsrail 2026-cı ilin fevral ayında münasibətlərini xüsusi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar və milyardlarla dollar dəyərində müdafiə müqavilələri müzakirə edilib. 2020-ci ildən 2024-cü ilə qədər İsrailin ən böyük silah müştərisi Hindistan olub. Tehran Yeni Dehli ilə münasibətlərinə davam etsə də, İsrailin strateji tərəfdaşının vasitəçi olmasına razılaşmaz”.