ABŞ hökuməti Prezident Donald Trampın tətbiq etdiyi və sonradan məhkəmə tərəfindən qanunsuz hesab edilən gömrük tariflərinə görə şirkətlərə 2026-cı maliyyə ilində ümumilikdə 81 milyard dollar geri ödəyib.
Editor.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin açıqladığı büdcə məlumatlarına əsasən, 2025-ci ilin oktyabrında başlayan maliyyə ilinin ilk doqquz ayında gömrük rüsumlarının qaytarılması üçün ödənilən məbləğ ötən ilin eyni dövründəki 5 milyard dollardan 81 milyard dollara yüksəlib. Bu artım əsasən ABŞ Ali Məhkəməsinin Tramp administrasiyasının tətbiq etdiyi tarifləri qanunsuz hesab etməsindən sonra baş verib.
Məlumata görə, geri ödənişlərin böyük hissəsi may və iyun aylarında həyata keçirilib. Hazırda şirkətlərin ümumilikdə 166 milyard dollara qədər əlavə gömrük rüsumunun geri qaytarılmasını tələb etmək hüququnun olduğu bildirilir.
Bildirilir ki, iri həcmdə geri ödənişlər federal büdcəyə də təsir göstərib. İyun ayında ABŞ federal büdcəsinin kəsiri 120 milyard dollara yüksəlib. Halbuki ötən ilin eyni ayında gömrük rüsumlarından daxilolmalar hesabına büdcədə profisit qeydə alınmışdı.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi Donald Trampın fövqəladə iqtisadi səlahiyyətlərə istinad edərək tətbiq etdiyi genişmiqyaslı gömrük tariflərinin qanunvericiliyə uyğun olmadığına qərar verib. Məhkəmə bu tariflərin tətbiqi səlahiyyətinin Konqresə məxsus olduğunu vurğulayaraq, hökuməti qanunsuz şəkildə toplanmış vəsaitləri idxalçı şirkətlərə geri qaytarmağa məcbur edib.
//Gülnarə Abasova, Editor.az

