Azərbaycan və Gürcüstan arasında formalaşmış strateji tərəfdaşlıq Cənubi Qafqazda regional əməkdaşlığın mühüm istiqamətlərindən biri olaraq qalır. Bu çərçivədə Acarıstanla əlaqələrin iqtisadi, humanitar və turizm sahələrində inkişaf etdirilməsi həm ikitərəfli münasibətlərin dərinləşdirilməsi, həm də Azərbaycan üçün regional əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Xüsusilə Acarıstanın coğrafi mövqeyi, Qara dənizə çıxışı və Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələri sistemində tutduğu yer bu əməkdaşlığın perspektivlərini daha da artırır.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Gürcüstanın Acarıstan bölgəsini Azərbaycan və Türkiyə ilə bağlayan xüsusi tellər mövcuddur:
“Bunlar eyni milli, etnik və tarixi kök üzərində qurulmuş münasibətlərdir. Təsadüfi deyil ki, bu gün acarlar məhz türk kökəninə görə həm Türkiyəyə, həm də Azərbaycana xüsusi münasibət bəsləyirlər və ortada, xüsusilə də son 100 ilin ərzində, onların arasında münasibətlər həmişə yaxşı olub.
Aydın məsələdir ki, acarların türk mənşəyə malik olması, eyni zamanda onların Azərbaycanla Türkiyənin arasında tranzit bölgə olan Gürcüstanda yerləşmələri onların bizim üçün önəmini daha da artırır. Acar xalqının nümayəndələri hələ Azərbaycanın 20-ci əsrin əvvəllərində müstəqillik uğrunda, dövlət müstəqilliyi uğrunda apardığı mübarizədə iştirak tarixinə öz adlarını yazmış qiymətli oğlanları var. Bunlar acar xalqının Azərbaycanla və türk dünyasının başqa hissələri ilə, parçaları ilə genetik bir bağlılıq içində olduğunu göstərən əlamətlərdir.
Əlbəttə, Azərbaycanın Acarıstanla münasibətlərini Gürcüstanla ümumi münasibətlərin içində nəzərdən keçirmək lazımdır. Aydındır ki, Gürcüstanla münasibətlər qarşılıqlı faydalı və anlaşma əməkdaşlığı içərisində qurulursa, bu, Acar-Azərbaycan əməkdaşlığının da inkişafı üçün yeni imkan və şərait deməkdir.
Xüsusilə də son 30 ildə bəzi hallarda Azərbaycan-Gürcüstan münasibətlərində bəzi soyuqluq əlamətləri təbii ki, Acarıstanla əlaqələrimizə də təsir göstərir. Azərbaycan-Acarıstan münasibətləri Gürcüstan dövləti ilə münasibətlər kontekstindən kənarda, təbii ki, nəzərdən keçirilmir. Bu, düzgün də olmazdı. Amma nə yaxşı ki, Azərbaycan-Acarıstan əlaqələri məhz Gürcüstan-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi fonunda baş verir”.
Onun sözlərinə görə, bu əlaqələrin ən müxtəlif sahələr üzrə qurulması üçün geniş imkanlar təbii ki, var:
“Acarıstanın həm coğrafi yerləşməsi, həm də onun müəyyən turistik, təbii imkanlara malik olması Azərbaycan üçün də, Türkiyə üçün də çox maraqlı faktordur.
Ancaq Azərbaycan və acar xalqının münasibətlərini regionda geosiyasi qüvvələr nisbətinə təsir göstərən amil kimi nəzərdən keçirmək bir az doğru olmazdı. Çünki Acarıstan müstəqil siyasət subyekti deyil, Gürcüstanın tərkib hissəsidir. Bu münasibətlər həm Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına öz töhfəsini verə bilər və verir, eyni zamanda Azərbaycanla Türkiyənin arasında bir tranzit bölgənin tərkib hissəsi olaraq da xüsusi statusa malikdir. Bütün hallarda Azərbaycan və acar xalqlarının əməkdaşlığı, təması ancaq bölgənin xeyrinədir. Amma bunun bölgədəki geosiyasi güc və qüvvələr balansını dəyişən amil kimi nəzərdən keçirmək bizim hər ikimizə ziyan eləyər”.
//Gülnarə Abasova, Editor.az

