Rusiyada daxili siyasət və seçkilərin təşkilinə məsul yüksək vəzifəli məmurlardan Sergey Kiriyenko və ailəsinin milyardlarla rubl dəyərində aktivlərlə əlaqəli olduğu iddia edilir.
Bu barədə Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) yeni araşdırmasında bildirilir.
FBK Sergey Kiriyenkonun Nijni Novqoroddan olan iki milyarder iş adamı – Viktor Aistov və Aleksandr Tabunşikovla qohumluq əlaqələrini müəyyənləşdirdiyini bildirir. Araşdırmaçıların məlumatına görə, Aistov Kiriyenkonun bacısı oğlu, Tabunşikov isə bacısının həyat yoldaşıdır.
Araşdırmada onların qohumlarının adına regiondakı elektrik şəbəkəsi şirkətlərində payların və Nijni Novqorodda elit ticarət mərkəzində mülkiyyətin rəsmiləşdirildiyi iddia olunur.
FBK həmçinin Aistovun nəzarətindəki şirkətin əməkdaşlarının faktiki olaraq Kiriyenko ailəsinə xidmət göstərdiyini bildirir. Onların Rublyovkadakı malikanənin idarə olunması ilə məşğul olduğu və ailənin şəxsi sürücüləri kimi çalışdığı iddia edilir.
Araşdırmaçılar Kiriyenkonun həyat yoldaşı və qızlarının Moskva və Sankt-Peterburqda ümumi dəyəri təxminən 1,1 milyard rubl olan mənzillərə sahib olduğunu da bildirirlər.
Kiriyenkonun oğlu Vladimir isə Rusiya-Ukrayna müharibəsinin başlanmasından az əvvəl “VK” şirkətinin rəhbəri olub. FBK onun şirkətdən yüz milyonlarla rubl ödəniş aldığını, eyni dövrdə “VK” xidmətlərinə milyardlarla rubl dövlət maliyyəsinin ayrıldığını vurğulayır.
Araşdırmanın digər diqqətçəkən hissəsi Bombardier Global 6000 biznes-jetidir. FBK-nın iddiasına görə, Kiriyenko və ailəsi dəyəri təxminən 3,5 milyard rubl olan bu təyyarədən mütəmadi istifadə edir. Təyyarənin onun “Rosatom”da işlədiyi dövrdən qaldığı bildirilir.
Musavat.com

