Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına humanitar məqsədlərlə vizasız səfərlərinin bərpası üçün Tokio Rusiya ilə danışıqları davam etdirmək niyyətindədir.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Moskvadakı səfirliyi açıqlama verib.
Səfirlikdən bildirilib ki, Yaponiya əsasən adalarda dəfn olunmuş yaxınlarının məzarlarını ziyarət etmək məqsədilə səfərlərin mümkün qədər tez bərpa edilməsinə çalışır.
“Bu adalardakı məzarların sırf humanitar məqsədlərlə ziyarətinin mümkün qədər tez bərpa olunması üçün Rusiya tərəfi qarşısında səylərimizi israrla davam etdirmək niyyətindəyik”, – Yaponiya diplomatik nümayəndəliyindən bildirilib.
Cənubi Kuril adalarına vizasız səfərlər proqramı koronavirus pandemiyası səbəbindən 2020-ci ildə dayandırılıb. 2022-ci ildə isə Yaponiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Moskva Tokio ilə bir sıra razılaşmaların, o cümlədən Cənubi Kuril adalarının dörd adasının sakinləri ilə “sərbəst səfərlər” və mübadilə proqramlarının fəaliyyətini dayandırıb.
Məsələ Yaponiya ilə Rusiya arasında Kuril adaları ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqları fonunda gündəmə gəlib.
Bundan əvvəl Yaponiya hökuməti Rusiyanın yeni dünya xəritəsində Kuril adalarını müəyyən şəkildə göstərməsinə etiraz etmişdi. Tokio bu yanaşmanın Yaponiyanın rəsmi mövqeyinə zidd olduğunu bildirib.
Moskva isə Yaponiyanın etirazlarını rədd edərək adaların mənsubiyyəti məsələsinin Rusiya üçün həll olunmuş məsələ olduğunu açıqlayıb.
Qeyd edək ki, Kuril adalarının cənub hissəsinə dair Rusiya və Yaponiya arasında ərazi mübahisəsi uzun illərdir davam edir.
//Gülnarə Abasova, Editor.az

