İndoneziyada bir neçə gündür axtarılan “Virgo Transport 8” sərnişin bərəsinin qalıqları dənizin 30 metr dərinliyində aşkarlanıb.
Editor.az xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidmətinin rəhbəri Məhəmməd Şafii məlumat verib.
Onun sözlərinə görə, hazırda xilasedicilər və İndoneziya Hərbi Dəniz Qüvvələri gəminin dayaz sularda yerləşən qalıqlarının ərazidən çıxarılıb-çıxarılmayacağını müəyyənləşdirirlər. Bununla yanaşı, sərnişinlərin axtarışı davam etdirilir.
“Biz hələ də onların yaxın zamanda sağ-salamat tapılacağına ümid edirik”, — deyə xilasetmə xidmətinin rəhbəri bildirib.
Hadisə ötən həftənin sonunda baş verib. Göyərtəsində 243 nəfərin olduğu “Virgo Transport 8” bərəsi Java dənizində güclü fırtına zamanı əlaqəni itirib. Gəmi Surabaya şəhərindən Banjarmasin istiqamətinə hərəkət edirmiş.
Axtarış-xilasetmə əməliyyatına İndoneziya Hərbi Dəniz Qüvvələri, su polisi və KN SAR Laksmana 241 adlı xüsusi xilasetmə gəmisi cəlb olunub.
Son məlumatlara görə, qəza nəticəsində 6 nəfər həyatını itirib, 108 nəfər xilas edilib. Daha 129 nəfərin taleyi isə hələlik məlum deyil və onlar itkin hesab olunurlar.
İndoneziya hakimiyyəti və xilasetmə qüvvələri itkin düşən sərnişinlərin tapılması üçün əməliyyatı davam etdirir.
//Gülnarə Abasova, Editor.az

