Alimlər aclıq hissini artıran məhsul qrupunu müəyyən ediblərbackend

Alimlər aclıq hissini artıran məhsul qrupunu müəyyən ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fruktoza ilə zəngin qidalar beyin tərəfindən qlükozadan fərqli emal olunduğu üçün aclıq hissini daha uzun müddət saxlaya bilər.

Editor.az xəbər verir ki, bu nəticə Neuron jurnalında dərc olunan yeni araşdırmada ortaya çıxıb.  

Tədqiqatçılar müəyyən ediblər ki, fruktoza və qlükoza eyni miqdarda kalori ehtiva etsə də, onların beyinə təsiri tamamilə fərqlidir. Qlükoza aclıq hissini idarə edən neyronların fəaliyyətini güclü şəkildə zəiflətdiyi halda, fruktozanın bu təsiri xeyli zəifdir. Alimlərin fikrincə, bu fərq yüksək fruktoza tərkibli məhsullardan imtina etməyin niyə daha çətin olduğunu izah edə bilər.  

Araşdırma çərçivəsində Monell Kimyəvi Duyğular Mərkəzinin alimləri siçanlara fruktoza və qlükoza verdikdən sonra onların beyin fəaliyyətini izləyiblər. Xüsusi diqqət hipotalamusda yerləşən və aclıq hissini gücləndirən AgRP neyronlarına yönəldilib.

Nəticələr göstərib ki, qlükoza bu neyronların fəaliyyətini əhəmiyyətli dərəcədə azaldır. Fruktoza isə yalnız bağırsaqda ifraz olunan PYY hormonu və azan siniri vasitəsilə dolayı təsir göstərərək neyronların aktivliyini cüzi şəkildə zəiflədir. Alimlər bu siqnal yolunu blokladıqda fruktozanın aclıq neyronlarına təsiri tamamilə aradan qalxıb.  

Maraqlıdır ki, qısa müddətdə hər iki şəkər növü qida qəbuluna oxşar təsir göstərsə də, zaman keçdikcə siçanlar daha çox yüksək fruktozalı qarğıdalı şərbətinə üstünlük verməyə başlayıblar. Tədqiqat müəllifləri hesab edirlər ki, bu seçim aclıq neyronlarının zəif bloklanması ilə əlaqədardır.  

Araşdırmanın aparıcı müəllifi Amber Alhadeff bildirib ki, nəticələr fruktoza və yüksək fruktozalı qarğıdalı şərbəti ilə zəngin müasir qidalanma modelinin iştahanı tənzimləyən beyin mexanizmlərinə necə təsir göstərdiyini daha yaxşı anlamağa imkan verir.

Alimlər vurğulayırlar ki, bu araşdırma AgRP neyronlarının yalnız qidanın kalorisinə deyil, həm də şəkərin növünə reaksiya verdiyini göstərir. Bu isə iştahanın tənzimlənməsi ilə bağlı mövcud elmi təsəvvürlərə yeni baxış təqdim edir.  

//Gülnarə Abasova, Editor.az