Qəhvənin orqanizmə təsiri insanın kofeinə fərdi həssaslığından və qəbul edilən miqdardan asılıdır. Mütəxəssislər bildirirlər ki, qəhvənin düzgün vaxtda və ölçülü şəkildə qəbul edilməsi onun mümkün mənfi təsirlərinin qarşısını almağa kömək edə bilər.
Editor.az xəbər verir ki, uzun məsafəyə qaçış üzrə idmançı və barista-təlimçi Daniil Lobadin açıqlamasında kofeinin orqanizmdən xaric olunma sürətinin insandan insana dəyişdiyini bildirib. Onun sözlərinə görə, bəzi insanlarda kofein daha gec parçalanır və təsiri uzun müddət davam edir. Digər şəxslər isə hətta az miqdarda kofein qəbul etdikdə belə bu maddəyə qarşı daha güclü reaksiya göstərə bilərlər.
Mütəxəssis qeyd edib ki, qəhvə və çayda olan kofeinin təsir xüsusiyyətləri də fərqlənir. Qəhvədəki kofein daha sürətlə sorulur və daha qısa müddətdə nəzərəçarpan ayıqlıq yarada bilər. Çayda olan kofeinin təsiri isə nisbətən tədricən başlayır və daha uzun müddət davam edə bilər.
Lobadinin sözlərinə görə, qəhvə qəbul edərkən günün vaxtına da diqqət yetirmək lazımdır. Xüsusilə günün ikinci yarısında qəbul edilən kofein bəzi insanlarda yuxuya getmə prosesini çətinləşdirə və gecə yuxusunun keyfiyyətinə təsir göstərə bilər. Bu səbəbdən qəhvənin günün birinci yarısında içilməsi daha məqsədəuyğun hesab olunur.
Mütəxəssis qəhvə qəbulunun təhlükəsiz olması üçün bir sıra şərtlərə diqqət yetirməyi tövsiyə edib. Bunlara ürək-damar sistemi ilə bağlı ciddi problemlərin olmaması, orqanizmin kofeinə fərdi reaksiyasının nəzərə alınması, kifayət qədər su qəbul edilməsi və qəhvənin yuxu rejiminə mənfi təsir göstərməyəcək vaxtda içilməsi daxildir.
Bununla yanaşı, kofeinin təsirinin bütün insanlarda eyni olmadığı vurğulanır. Buna görə də qəbul edilən qəhvənin miqdarı müəyyən edilərkən şəxsin fərdi xüsusiyyətləri, kofeinə həssaslığı və yuxu rejimi nəzərə alınmalıdır.
//Gülnarə Abasova, Editor.az

