Avropada yeni anti-Azərbaycan ölkə – niyə Tusk…backend

Avropada yeni anti-Azərbaycan ölkə – niyə Tusk… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspertlər hesab edir ki, yeni baş nazirin hakimiyyətə gəlişindən sonra Polşanın xarici siyasət kursunda ölkəmizə münasibətdə müşahidə olunan dəyişikliklər təsadüfi deyil

Polşa anti-Azərbaycan təbliğatının mərkəzlərindən birinə çevrilib.  Minval.info xəbər verir ki, baş nazir Tuskun komandası Bakını nüfuzdan salmaq, enerji mövqeyini sarsıtmaq və Türkiyə-Azərbaycan ittifaqına qarşı məqsədyönlü və sistemli kampaniya aparır.

Bundan əvvəlki hökuməti dövründə Azərbaycan və Polşa arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə qaldırılmışdı, indi isə Tuskun liberalları əldə edilən nəticələri bir neçə ay ərzində məhv ediblər. Bu gün Polşa Avropa Birliyi daxilində anti-Azərbaycan xəttinin ən fəal tərəfdarlarından biridir və burada Bakının maraqları sistematik şəkildə bloklanır və ya təhrif olunur.

Polşa dövlət televiziyası TVP, VT Sakartvelo News və VT Ermənistanda xüsusi bürolar yaradıb. Bunlar formal olaraq “Rusiya dezinformasiyasına” qarşı mübarizə aparmaq üçün bir vasitə kimi təqdim olunsa da, məqsəd fərqlidir. Əslində Varşava Ermənistanı yeni “forpostu” kimi mövqeyini gücləndirmək, Azərbaycanın isə enerji rolunu zəiflətmək niyyəti güdür. Tuskun liberal Polşası qəsdən anti-Azərbaycan narrativlərini təbliğ edir və Bakının bölgədəki təsirini zəiflətmək üçün çalışır.

Belə ki, liberal Polşa mediası, əsasən “Gazeta Wyborcza”, Azərbaycana qarşı əsassız ittihamlarla müntəzəm olaraq materiallar dərc edir. Donald Tusk və Nikol Paşinyan arasındakı isti, demək olar ki, nümayişkaranə münasibətlər xüsusilə diqqət çəkir. Tərəflər hərbi əməkdaşlığı gücləndirir, yaxın gələcəkdə Varşavada Ermənistan hərbi attaşesinin ofisini açmaq barədə isə razılığa gəliblər.

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Yeni Müsavat”a dedi ki, Bakı və Varşava arasında qurulan strateji tərəfdaşlıq platforması məhz Donald Tuskun iqtidara gəlişi ilə ciddi təhdidə məruz qalmaqdadır: “Daha dəqiq desək, görünən odur ki, Tusk administrasiyası müstəqil xarici siyasət xəttindən imtina edərək, rəsmi Varşavanı kollektiv Qərbin, xüsusən də Brüssel və Parisin Cənubi Qafqaz strategiyasının kor-koranə icraçısına çevirir. Avropa İttifaqı daxilində Bakının maraqlarını bloklamaq cəhdləri də Polşanın öz milli maraqlarından yox, Tuskun liberal qanadının qlobal mərkəzlərə yarınmaq limitindən irəli gəlir. Polşanın aparıcı liberal mediasının Azərbaycana qarşı “insan hüquqları” ittihamlarını tirajlaması da bu mənada klassik Qərb riyakarlığıdır. “Rusiya dezinformasiyası ilə mübarizə” adı altında qurulan bu şəbəkənin fəaliyyəti reallıqda Azərbaycanın Avropadakı enerji rolunu zəiflətmək və Bakı-Ankara xəttinə qarşı informasiya cəbhəsi açmaq məqsədi güdməklə bərabər, həm də diqqəti Polşanın özündə-ölkə daxilində sürətlə artan antisemitizm, ksenofobiya və miqrant böhranından yayındırmaq üçün düşünülmüş daxili istehlak manipulyasiyasıdır.

Lakin Polşanın Ermənistanın “Qərbpərəst istəklərini” dəstəkləməsi ritorikası fonunda unudulur ki, Ermənistan hələ də Rusiyanın rəhbərlik etdiyi KTMT-nin de-yure üzvüdür və onun sərhədlərini Rusiya hərbçiləri qoruyur.

Təbii ki, Polşanın bu uğursuz kampaniyası Azərbaycanın regionda hərbi-siyasi yolla formalaşdırdığı geosiyasi status-kvonu dəyişmək iqtidarında deyil. Prezident İlham Əliyevin formalaşdırdığı reallıqlar və Şuşa Bəyannaməsi ilə möhürlənmiş Azərbaycan-Türkiyə ittifaqı o qədər möhkəmdir ki, Tusk və Paşinyanın Varşavadakı hərbi-siyasi oyunları bu monolit güc qarşısında sadəcə fiaskoya məhkumdur. Bunu anlamamaq isə Varşavanın siyasi savadsızlığı və regionun reallıqlarından bixəbərliyindən irəli gəlir”.

Deputat Sona Əliyeva SÜKUTU POZDU: “Məni və övladlarımı öldürməklə təhdid  etdilər”-QALMAQAL | Modern.az

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, son aylarda Polşanın Cənubi Qafqaz siyasətində açıq dəyişiklik görünür: “Bu dəyişiklik yeni, daha dərin geosiyasi maraqlara əsaslanır. Varşava Ermənistanı bölgədə yeni “Qərb dayağı” kimi formalaşdırmağa çalışır və bu proses istər-istəməz Azərbaycanın maraqları ilə toqquşur. Yeni liberal hökümət Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirir, müdafiə sahəsində təcrübə mübadiləsini artırır, Varşavada Ermənistan hərbi attaşesi ofisinin açılmasına hazırlaşır. Eyni zamanda Polşa dövlət mediası Ermənistan və Gürcüstan auditoriyasına yönəlik yeni informasiya platformaları qurur. Yəni Polşa Ermənistanla münasibətləri, sadəcə, diplomatik səviyyədə saxlamır, onu sistemli şəkildə təhlükəsizlik və media müstəvisinə daşıyır.

Sual olunur: Polşa doğrudanmı Azərbaycana qarşı ayrıca cəbhə açıb, yoxsa Ermənistanı Qərbə bağlamaq istəyərkən avtomatik olaraq Azərbaycanla qarşı-qarşıya gəlir? Düşünürəm ki, Polşa hələlik Azərbaycanla bütün körpüləri yandırmaq istəmir. Çünki Azərbaycan Avropa üçün enerji, nəqliyyat və təhlükəsizlik baxımından ciddi aktordur. Varşava da bunu yaxşı anlayır. Amma Polşanın Ermənistan xətti obyektiv olaraq Azərbaycanın maraqları ilə toqquşur. Çünki Ermənistanı hərbi və siyasi baxımdan gücləndirmək regionda hərbi balansı pozmaq, revanşist dairələri ruhlandırmaq və sülh prosesinə əlavə təzyiq yaratmaq üçün istifadə olunarsa, bu artıq regional sabitliyə xidmət etmir. Bu hal, özlüyündə  “demokratiyaya dəstək” adı ilə izah edilə bilməz. Lakin Polşa üçün seçim aydın olmalıdır. Ya Cənubi Qafqazda balanslı və praqmatik tərəfdaş kimi qalacaq, ya da Ermənistan üzərindən qurulan birtərəfli siyasətin məsuliyyətini daşıyacaq. Azərbaycanla münasibətləri qurban vermək Varşava üçün nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından ağıllı seçimdir. Bu gün Polşanın davranışı həm də onu göstərir ki, Avropada anti-Azərbaycan xətti yalnız Parislə məhdudlaşmır. Bu xətt müxtəlif paytaxtlarda fərqli adlarla, fərqli alətlərlə davam etdirilir. Bəzən insan hüquqları adı ilə, bəzən media layihələri ilə, bəzən hərbi əməkdaşlıq paketləri ilə. Əslində isə Azərbaycanın bölgədə yaratdığı yeni reallıq bəzilərini narahat edir. Azərbaycan isə bu reallığı nə şüarla, nə kampaniya ilə, nə də kənar təzyiqlə əldə edib. Azərbaycan bu reallığı siyasi iradə, hərbi güc, diplomatik çeviklik və regional liderliklə formalaşdırıb. Ona görə də bu reallığı dəyişmək istəyənlər əvvəlcə Cənubi Qafqazın yeni güc balansını düzgün oxumalıdırlar. Polşa da başa düşməlidir ki, Cənubi Qafqaz Ukrayna deyil, Belarus deyil, Moldova deyil. Bu regionun öz reallığı var. Azərbaycan burada artıq kənardan idarə olunan proseslərin obyektinə çevrilən ölkə deyil. Azərbaycan bölgədə yeni reallıq yaradan əsas gücdür”.

Musavat.com