Mütəxəssis istirahətə baxmayaraq davam edən halsızlığın ciddi sağlamlıq problemlərindən xəbər verə biləcəyini bildiribbackend

Mütəxəssis istirahətə baxmayaraq davam edən halsızlığın ciddi sağlamlıq problemlərindən xəbər verə biləcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündəlik stress, yuxusuzluq və həddindən artıq fiziki və zehni yüklənmə yorğunluğa səbəb ola bilər. Lakin kifayət qədər istirahətə baxmayaraq halsızlığın davam etməsi daha ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Editor.az xəbər verir ki, psixoloq Yelizaveta Danileviçin sözlərinə görə, xroniki yorğunluq sindromunun əsas xüsusiyyətlərindən biri cüzi fiziki və ya zehni fəaliyyətdən sonra belə insanın vəziyyətinin pisləşməsidir. Belə hallarda istirahət əvvəlki enerjinin bərpası üçün kifayət etmir.

Mütəxəssis qeyd edib ki, müvafiq simptomların altı aydan çox davam etməsi xroniki yorğunluq sindromunun qiymətləndirilməsi üçün əsas meyarlardan biridir.

Davamlı halsızlıq, kifayət qədər yatmağa baxmayaraq səhərlər yorğun oyanmaq və istirahətdən sonra belə özünü gümrah hiss etməmək diqqət yetirilməli əlamətlər sırasındadır. Bununla yanaşı, diqqətin zəifləməsi, əsəbilik, yuxu pozuntuları, bədən ağrıları və ürək döyüntülərinin sürətlənməsi də müşahidə oluna bilər.

Xroniki yorğunluğun yaranmasına virus infeksiyalarından sonra baş verən dəyişikliklər, immun sisteminin fəaliyyətindəki pozuntular və uzunmüddətli stress təsir göstərə bilər. Emosional tükənmə, zehni yüklənmə və insanın özündən həddindən artıq yüksək nəticələr gözləməsi də vəziyyəti ağırlaşdıra bilər.

Bununla belə, davamlı yorğunluq hər zaman xroniki yorğunluq sindromu ilə əlaqəli olmur. Oxşar simptomlar qanazlığı, depressiya və qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi kimi hallarda da meydana çıxa bilər. Buna görə də problemin dəqiq səbəbini müəyyənləşdirmək üçün tibbi müayinə vacib hesab olunur.

Mütəxəssis yorğunluğun qarşısını almaq üçün yuxu rejiminə əməl etməyi, gecə ərzində 7–8 saat yatmağı, iş və istirahət arasında tarazlıq yaratmağı, müntəzəm fasilələr verməyi və balanslı qidalanmağı tövsiyə edir. Xroniki yorğunluq yaşayan şəxslərə fiziki aktivliyi qəfil artırmamaq və gündəlik işləri mövcud enerji imkanlarına uyğun planlaşdırmaq məsləhət görülür.

Psixoloqun fikrincə, insan özünü həddindən artıq yükləməməli, fəaliyyətini fiziki və zehni imkanlarına uyğun tənzimləməli, yorğunluq səviyyəsini daim nəzərə almalıdır. Həyat tərzində dəyişikliklərə baxmayaraq halsızlıq davam edərsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.

//Gülnarə Abasova, Editor.az