Bakıda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin rəsmi internet səhifələrində son günlər diqqət çəkən dəyişiklik müşahidə olunur.
Editor.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi portalından məktəblərin fərdi saytlarına keçid edildikdə əvvəl mövcud olan məzmunun bir hissəsinin, xüsusilə məktəb rəhbərliyi və pedaqoji heyətin foto məlumatlarının artıq əks olunmadığı görünür.
Əvvəllər bu səhifələrdə direktorlar, müavinlər və müəllim heyətinin fotoşəkilləri ilə birlikdə təqdim olunan məlumatlar ictimaiyyət üçün məktəblərin tanınması və informasiya şəffaflığı baxımından mühüm hesab edilirdi.
Hazırda isə Bakı şəhərində fəaliyyət göstərən məktəblərin rəsmi saytlarında bu vizual məlumatlar tamamilə çıxarılıb.
Dəyişikliyin səbəbi ilə bağlı hələlik ictimaiyyətə rəsmi məlumat açıqlanmayıb.
Ancaq bu istiqamətdə müxtəlif ehtimallar irəli sürülür. Onların arasında texniki yenilənmə və ya saytların vahid formatda yenidən qurulması ilə bağlı proseslər, həmçinin şəxsi məlumatların qorunması və vizual məlumatların istifadəsinə dair daxili qaydalarda dəyişikliklər ehtimalları yer alır.
Eyni zamanda bəzi ekspertlər tərəfindən başqa bir ehtimal da gündəmə gətirilir.

İddialara görə, ayrı-ayrı təhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlarla bağlı mediada yayılan tənqidi materiallar zamanı direktor və pedaqoji heyətin foto məlumatlarının xəbər saytlarında və sosial şəbəkələrdə yayılmasının qarşısının alınması da mümkün səbəblər sırasındadır.
Lakin bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib və hazırda yalnız ehtimal xarakteri daşıyır.
Editor.az məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi mövqeyini öyrənməyə və sizə təqdim etməyə çalışacaq.
//Editor.az



