“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa göstərmək baxımından mühüm hadisədir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözləri görə, Ermənistan mediasının səfərə reaksiyası bir daha göstərdi ki, İrəvanın müəyyən dairələri hələ də yeni reallığı qəbul etmək istəmir:
“Konstruktiv məqsədə xidmət edən səfərin ətrafında siyasi ittihamlar, tarixi manipulyasiyalar və Qərb diplomatlarına qarşı hücumlar təşkil edilib. Əgər Ermənistan həqiqətən Azərbaycanla sülhə hazırdırsa, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diplomatik səfər niyə belə aqressiv reaksiya doğurur?
Erməni mediasının bir hissəsinin Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrini daha çox hədəfə alması xüsusilə diqqət çəkir. Diplomatların Şuşada keçirilən tədbirdə iştirakı, yerli mədəni proqramlara qoşulmasını siyasi qalmaqala çevrirmək heç bir məntiqə sığmır. Çünki burada söhbət Azərbaycanın suveren ərazilərindən gedir. Ermənistan isə rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Görünən budur ki, Ermənistanın sülh sənədlərində və siyasi bəyanatlarda yeni reallıqla bağlı mövqeyi səmimi deyil.
Ermənistan mediasının “işğal olunmuş Artsax” kimi cəfəng ifadələrdən istifadə etməsi onların əsl simasını göstərir.
Azərbaycanın tarixi torpaqlarını qondarma terminlərlə adlandırmaq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan 2023-cü ilin sentyabrından sonra ərazi üzərində tam suverenliyini bərpa edib və beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyüdür”.
Millət vəkili bildirib ki, Ermənistan hakimiyyəti son dövrlərdə Qarabağ məsələsinin Ermənistanın xarici siyasət gündəliyində yer almadığını bildirir:
“Lakin Ermənistanın media və ekspert məkanında “Artsax” sayıqlamasının yenidən gündəmə gəlməsi müəyyən suallar yaradır.Diplomatların Gəncəsər və Xudavəng monastırlarına səfərindən sonra Ermənistan mediasında “tarixin saxtalaşdırılması”, “albanlaşdırma”, “mədəni soyqırım” kimi ifadələrin önə çıxarılması isə absurddur. Çünki Ermənistan özü uzun illər işğal altında saxladığı ərazilərdə Azərbaycana məxsus dini və mədəni abidələrin saxtalaşdırılması ilə məşğul olub. Azərbaycanı isə bütün dünya multikural ölkə, müxtəlif dinlərin və xalqların nümayəndələrinin dinc şəraitdə yaşadığı məkan kimi tanıyır və qəbul edir.
Azərbaycan bölgədəki dini və tarixi abidələri onların mənşəyindən asılı olmayaraq qorumağa davam edir. Ermənistan isə bu reallığı həzm edə bilmir. Elə bu ölkənin sülh prosesinə münasibəti də məhz bu qərəz kontekstində qiymətləndirilməlidir. Sülh həm də ictimai və siyasi şüurda müharibənin yaratdığı qarşıdurmadan imtina etməkdir. Əgər bir tərəfdən Azərbaycanla sülh sazişi haqqında danışır, digər tərəfdən isə ərazi bütövlüyünü şübhə altına alan mövqe sərgilənirsə, burada real sülhpərvər mövqedən söhbət gedə bilməz. Ermənistan revanşist ritorikadan əl çəkməlidir.
Ermənistan diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinə etiraz etmək əvəzinə, Azərbaycanla sülh prosesinin praktiki nəticələrini müzakirə edə, humanitar məsələlər, mədəni irsin qorunması və regional əməkdaşlıq haqqında konstruktiv mövqe ortaya qoya bilərdi.
Amma bunun əvəzinə diplomatlar hədəfə alınır, dini abidələr üzərindən yeni qarşıdurma yaradılır. Sülh istəyən tərəf gələcəyə baxmalıdır. Bunun üçün isə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ətrafında yaradılan siyasi manipulyasiyalara son qoyulmalı, Qarabağ mövzusu revanşizm üçün alətə çevrilməməlidir. Yeri gəlmişkən, Azərbaycandakı bəzi “milli” destruktiv qüvvələrin Ermənistanın revanşist dairələrindən ciddi fərq yoxdur. Ermənistanın revanşistləri necə ki, bölgədə yeni reallığı qəbul etmək istəmir, keçmiş münaqişəni daim gündəmdə saxlayır və cəmiyyətdə gərginlik yaradırlar, Azərbaycandakı bəzi destruktiv qüvvələr də eyni metodologiyadan istifadə edirlər. Belə ki, sülh prosesinə, diplomatik təşəbbüslərə və hər hansı siyasi addıma konstruktiv yanaşmaq əvəzinə, cəmiyyətdə şübhə, narazılıq və qarşıdurma yaratmağa çalışırlar. Azərbaycanda hazırkı mərhələdə əsas milli vəzifə hərbi qələbənin siyasi və diplomatik nəticələrini möhkəmləndirmək, Qarabağda quruculuğu davam etdirmək, beynəlxalq mövqeləri gücləndirmək və regionda davamlı sülhün əsaslarını yaratmaqdır. Bu prosesə kənardan və ya daxildən mane olan hər hansı destruktiv ritorika antimilli fəaliyyətdir və yolverilməzdir”.
//Gülnarə Abasova, Editor.az

