Paytaxt Bakıda kəskin dəyişən hava şəraiti səmada nadir və vahiməli mənzərənin yaranmasına səbəb olub. Şəhərə yağan güclü yağışdan sonra səmada adi buludlardan tamamilə fərqlənən qeyri-adi təbiət hadisəsi qeydə alınıb.
Editor.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə və paytaxt sakinləri tərəfindən çəkilən görüntülərdə Bakı buxtası və şəhərin mərkəzi üzərində iki fərqli hava kütləsinin kəskin qarşıdurması aydın şəkildə əks olunub. Şəhərin bir hissəsində hava aydın səmti göstərsə də, digər tərəfdən paytaxtın üzərini sanki nəhəng bir dalğanı xatırladan, qaranlıq və qorxunc fırtına buludları örtüb.
Sakinlər tərəfindən maraqla qarşılanan bu mənzərə qısa müddətdə sosial platformalarda böyük müzakirələrə yol açıb. Bir çox istifadəçi səmada yaranan bu qeyri-normal görüntünü apokaliptik filmlərin səhnələrinə bənzədib.
Meteoroloqların fikrincə, bu növ vizual mənzərələr kəskin temperatur fərqi və atmosfer təzyiqinin qəfil dəyişməsi nəticəsində yaranan güclü konvektiv bulud qatları (şelf buludları) zamanı formalaşır. Hazırda paytaxtda qeyri-sabit hava şəraiti davam edir.



