Ali Məhkəmədə hakim İlkin Abdullayevin sədrliyi ilə Xanlar Məmmədovun kassasiya şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, Xanlar Məmmədov 2024-cü ildə Nizami rayonu, Qara Qarayev prospektində idarə etdiyi “Mercedes” markalı avtomobillə 10-20 km/saat sürətlə hərəkətdə olarkən yolun sağından soluna doğru asta yerişlə keçən piyada Fərman İbrahimov toxunub.
Sürücü piyadanı hadisə yerindən götürərək sağlamlığı ilə maraqlanıb, piyada sağlığında problem olmadığı deməklə maşından düşərək evinə gedib. Sonradan istinaqa cəlb olunan Xanlar Məmmədovun Azərbaycanda avtomobil idarə etmək hüququ olmadan idarə etdiyi müəyyən edilib. Nizami Rayon Məhkəməsinin 19 fevral 2026-cı il tarixli hökmü ilə Xanlar Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 (sürücülük hüququ olmayan şəxs tərəfindən yol hərəkəti qaydalarını pozma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə cəzalar qismən toplanılaraq, təqsirləndirilən şəxsə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb və əvvəlki qərar qüvvəsində saxlanılıb. Ali Məhkəmədə Xanlar Məmmədova Cinayət Məcəlləsinin 264-cü – yol-nəqliyyat hadisəsi yerindən qaçma maddəsi üzrə bəraət verilib.
Xanlar Məmmədovun vəkili Xeyransa Babayeva məhkəmə baxışının yekunları ilə bağlı təəssüratlarını bölüşərək, iclasın formallıqdan uzaq və həqiqi çəkişmə prinsipi əsasında keçirildiyini bildirib. Vəkilin sözlərinə görə, hakimin nümayiş etdirdiyi yanaşma Ali Məhkəmənin tətbiq etdiyi mövcud stereotipləri tamamilə qırıb: “Sözün əsl mənasında şok yaşadım. Hakim İlkin Abdullayevin apardığı proses indiyə qədər Ali Məhkəmədə çıxdığım cinayət işlərindəki bütün stereotipləri dağıtdı. Hakim rəsmən işin mahiyyət üzrə müzakirə edilməsinə tam şərait yaratdı. İndiyə qədər adət etdiyimiz reqlamentə uyğun formal proseslərdən uzaq, canlı və ədalətli şəkildə işə baxıldı. Məhkəmə tərəflərin dəlillərini ətraflı dinlədikdən sonra yekun qərarını elan etdi”.
Xatırladaq ki, bir müddət əvvəl Ali Məhkəmədə digər rayonun ərazisində baş vermiş qəza ilə bağlı anoloji qərar verilmişdi. Həmin qəza ilə bağlı işə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılıb və hökm elan edilib. Məhkəmənin gəldiyi nəticəyə əsasən, aparılmış araşdırmalar zamanı Hacıağa Ağayevin əməlində cinayət tərkibinin əlamətlərinin olmadığı müəyyən olunub. Buna görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət alıb. Qeyd edək ki, ölümlə nəticələnən qəza 2023-cü il oktyabrın 20-də Sabunçu rayonunda baş verib. İttihama görə, Hacıağa Ağayev idarə etdiyi yük avtomobili ilə yolu keçən piyada Yusif Rəhimovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Son dövrlərdə Azərbaycan məhkəmələri tərəfindən çıxarılan qərarlar yol-nəqliyyat hadisələrinin hüquqi qiymətləndirilməsində yeni bir səhifə açır. Bu bəraət hökmündən öncə Bakının Nizami və Binəqədi Rayon Məhkəməsində də piyadaların ölümü ilə nəticələnən yol qəzaları üzrə çıxarılan qərarlar bu dəyişikliyin bariz nümunəsidir. Ötən il Binəqədi Rayon Məhkəməsinin ölümlə nəticələnən yol qəzasını əhatə edən qərarı ictimai rezonans doğuran bir presedent yaradıb.
Qəza Bakıda, Ayna Sultanova heykəlinin yaxınlığında baş vermişdi və 1 nəfərin ölümü ilə nəticələnmişdi. Rayon mıəhkəməsinin hakimi Aynurə Sadıqova prosesdə iş üzrə təqsirləndirilən sürücü Cavid Əsgərovun günahsız olduğunu müəyyən etmişdi. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. Mərhum digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb. Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib və ona bəraət vermişdi. Məhkəmənin qərarı piyadanın yolu “zebra”dan kənarda, digər avtomobilin qarşısından qəflətən qaçaraq keçməsi nəticəsində baş verməsi “qarşısıalınmazlıq” prinsipini ön plana çıxarmışdı. Əgər sürücü yol hərəkəti qaydalarını pozmayıbsa və piyadanın qəfil hərəkəti nəticəsində toqquşmadan yayınmaq üçün fiziki-texniki imkanı olmayıbsa, o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu, piyadaların da yol hərəkətinin bərabərhüquqlu və məsuliyyətli subyekti olduğu faktını təsdiqləyir.

Bir müddət əvvəl Ali Məhkəmədə Ələsgər Novruzovun sədrliyi ilə sürücü Elməddin Məmmədovun kassasiya şikayəti araşdırılıb. Məlum olub ki, 4 uşaq atası olan Elməddin Məmmədov qəzadan sonra zərərçəkmişə ilk yardım göstərib. Sonradan isə onun qəbir yerinin alınması, dəfn xərclərini çəkib. Buna baxmayaraq, mərhumun yaxınları sürücüdən 70 min pul tələb ediblər. Sürücü günü 20 manata işlədiyini desə də, 15 min manat təklif etsə də, qarşı tərəf tələbindən geri çəkilməyib, sürücüdən şikayət etməklə barışmaqdan imtina ediblər. İlkin instansiya barışığın olmadığını əsas gətirməklə sürücünün barəsində maksimum cəza həddinə yaxın cəza təyin edib.
Apelyasiya instansiyası da həmin cəzanı qüvvədə saxlayıb. Ali Məhkəmənin isə zərərçəkmiş tərəfin barışıq üçün qeyri-real məbləğ – 70 min manat tələb etməsini sürücünün iradəsindən kənar hal kimi qiymətləndirməsi inqilabi addımdır. Məhkəmə müəyyən etdi ki, barışığın yalnız yüksək pul müqabilində mümkün olması sürücünün mənfi xarakteristikası kimi qəbul edilə bilməz. Maddi imkansızlıq ucbatından barışığın əldə olunmaması şəxsin daha ağır rejimli həbsxanaya göndərilməsinə əsas vermir. Ali Məhkəmə sürücünün kassasiya şikayətini təmin edib. Nəticədə Elməddin Məmmədovun cəzası 5 il 1 aydan 4 il 6 aya endirilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərar alınmışdı.

