“Bakı-Tbilisi marşrutu üzrə tariflərin müəyyənləşdirilməsi yalnız bir tərəfin qərarı ilə formalaşmır. Burada həm Azərbaycan, həm də Gürcüstan ərazisində tətbiq olunan dəmir yolu infrastrukturu, lokomotiv və xidmət xərcləri, sərhəd-keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları birlikdə nəzərə alınır”.
Globalinfo.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı deyib. O, bildirib ki, xüsusilə Gürcüstan tərəfi üzrə tranzit şərtlərinin və qarşılıqlı hesablaşmaların yekunlaşdırılması tariflərin dəqiq müəyyən edilməsini vaxt baxımından daha mürəkkəb edir:
“Bu səbəbdən qiymətlərin açıqlanması prosesi bəzən kənardan göründüyündən daha uzun çəkə bilir”.
Ekspertin sözlərinə görə, Bakı-Tbilisi reysi üzrə bilet qiymətləri, bütün beynəlxalq istiqamətlərdə olduğu kimi, hesablaşmaların İsveçrə frankı əsasında aparılması səbəbindən məzənnə dəyişikliklərindən də asılı olur:
“Təxmini hesablamalara görə, biletin qiyməti 80-100 manat aralığında olacaq. Çünki gürcülərdə infrastruktur bahadır”.
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda olarkən Azərbaycan tərəfi ilə Bakı-Tbilisi sərnişin qatarının açılması ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, qatarlar 26 may 2026-cı ildən etibarən işə düşəcək.
Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.
Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.


