Bakıda Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı və regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr keçirilibbackend

Bakıda Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı və regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığına Pakistanın strateji baxışı və regionda son təhlükəsizlik prosesləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Pakistanın The Pakistan Daily qəzetinin baş redaktoru, Çikaqo Universitetinin Stigler Mərkəzinin sabiq “Journalist-in-Residence” proqramının iştirakçısı Hamza Azhar Salam çıxış edib. Dəyirmi masaya BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev sədrlik edib. Müzakirələrdə Mərkəzin şöbə müdiri Vasif Hüseynov, eləcə də müxtəlif analitik mərkəzlərin və tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli əməkdaşlığının regional və qlobal əhəmiyyəti, 2025-ci ildə Laçında keçirilmiş liderlər görüşündən sonra əməkdaşlığın institusional əsaslarla inkişafı, Pakistanın bu prosesə strateji baxışı, Bakı ilə İslamabad arasında həyata keçirilən JF-17 döyüş təyyarələri layihəsi, eləcə də Cənubi Asiya və Cənubi Qafqazda son təhlükəsizlik prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

Şuşa Qlobal Media Forumunda ardıcıl üçüncü dəfə iştirak edən Hamza Azhar Salam çıxışında Azərbaycan–Türkiyə–Pakistan tərəfdaşlığının İslamabadda necə qiymətləndirildiyini və dəyişən geosiyasi şəraitdə bu əməkdaşlığın rolunu şərh edib. O, həmçinin müdafiə sənayesi ilə yanaşı, ticarət, energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunub.

Qeyd olunub ki, son dövrlərdə Azərbaycan və Pakistan arasında müdafiə, investisiya və çoxtərəfli platformalarda əməkdaşlıq daha da genişlənib. Bu əməkdaşlıq Azərbaycanın 2024-cü ildə qoşulduğu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də davam edir. Hazırda təşkilatın baş katibi Pakistanın sabiq xarici işlər katibi, səfir Sohail Mahmuddur.

Hamza Azhar Salamın Azərbaycana səfəri çərçivəsində ali təhsil müəssisələrində görüşlər keçirdiyi, həmçinin Pakistanın Azərbaycandakı səfiri Qasım Möhyiddinlə media və institusional əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi apardığı bildirilib.