Alimlər Marsda bitki yetişdirmək üçün əlverişli əraziləri müəyyən ediblərbackend

Alimlər Marsda bitki yetişdirmək üçün əlverişli əraziləri müəyyən ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mars səthinin cəmi 0,14 faizi Yer bitkilərinin yetişdirilməsi üçün potensial baxımdan əlverişli hesab olunur. Avstraliyanın Sidney Universitetinin alimləri Qırmızı planetin torpaq növlərini təhlil edərək gələcəkdə kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün daha perspektivli ərazilərin xəritəsini hazırlayıblar.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri CATENA elmi jurnalında dərc olunub.

Araşdırma çərçivəsində alimlər orbitdəki kosmik aparatların müşahidələrindən və kompüter modelləşdirməsindən istifadə edərək Marsda təxminən 800 milyon sahəni qiymətləndiriblər. Ümumilikdə, planetdəki torpağın təxminən 2 min növü təsnif edilib. Təhlil zamanı torpağın teksturası və mineral tərkibi, turşuluq səviyyəsi, qatın qalınlığı, gil və çınqıl miqdarı, eləcə də suyu saxlamaq qabiliyyəti nəzərə alınıb. Hazırlanan xəritə Mars səthinin təxminən 92 faizini əhatə edir.

Tədqiqatçılar bitkilərin yetişdirilməsi baxımından ən perspektivli torpaq növlərindən birini “Noxibaret” adlandırıblar. Bu torpaq beş əsas göstərici üzrə 1 baldan 0,93 bal toplayıb. Modelləşdirmənin nəticələrinə görə, həmin torpağın orta nümunəsinin turşuluq səviyyəsi neytrala yaxındır — pH 6,8. Torpağın təxminən 72 faizi gildən ibarətdir və o, hər metr qalınlığa təxminən 200 millimetr su saxlaya bilir.

Perspektivli ərazilər arasında Tarsis vulkanik bölgəsinin ətrafı, Ərəbistan Torpağının mərkəzi hissələri və Elysium düzənliyi də yer alıb. Bununla belə, alimlər bildirirlər ki, xəritə gələcək istixanaların tikiləcəyi yerləri müəyyənləşdirməkdən daha çox, əlavə tədqiqatların aparılması üçün uyğun ərazilərin seçilməsinə xidmət edir.

Marsda bitki yetişdirilməsinin qarşısında duran əsas maneələrdən biri sudur. Tədqiqat zamanı qiymətləndirilən torpaq növlərinin 73 faizində suyu saxlamaq qabiliyyəti ən zəif göstəricilərdən biri olub. Bundan əlavə, Mars torpağında üzvi maddələr demək olar ki, yoxdur. Torpaqda aşkar edilən perxloratlar isə zəhərli ola bilər və bitkilərin inkişafına, eləcə də gələcəkdə yetişdiriləcək məhsulların təhlükəsizliyinə risk yarada bilər.

Alimlər vurğulayırlar ki, əldə olunan nəticələr Marsda bitkiləri heç bir hazırlıq görmədən yetişdirməyin mümkün olduğu anlamına gəlmir. Bunun üçün idarə olunan mühit, tənzimlənən su təchizatı, zəruri qida maddələri və torpağın təhlükəsizliyinin yoxlanılması tələb olunur.

Gələcək tədqiqatların istiqamətlərindən biri müxtəlif Mars torpaqlarını təqlid edən süni qarışıqların hazırlanması və onların bitki yetişdirilməsi üçün yararlılığının sınaqdan keçirilməsi ola bilər. Bu araşdırmalar gələcək Mars missiyalarında qida təminatının təşkili və uzunmüddətli yaşayış imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.

//Gülnarə Abasova, Editor.az