Boşanan şəxslərlə bağlı XƏBƏRDARLIQ edildibackend

Boşanan şəxslərlə bağlı XƏBƏRDARLIQ edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir dövrdə ailə institutunun üzləşdiyi əsas problemlərdən biri və bəlkə də ən acınacaqlısı boşanma prosesinin sivil qaydada deyil, uşaqların psixikasını dağıdan ağır qarşıdurmalarla müşayiət olunmasıdır. Statistikalar və sosial reallıqlar göstərir ki, tərəflər yollarını ayırarkən ən çox zərər görən məhz azyaşlı övladlar olur. Kliniki psixoloq və psixoterapevt Rövşən Nəcəfov bildirir ki, boşanmaq evliliyin mümkün nəticələrindən biridir və hər bir insan ailə qurarkən yalnız “Necə ailə quracağam?” sualını deyil, həm də “Bir gün ayrılsaq, bunu necə idarə edəcəyəm?” sualını düşünməlidir. Ekspert vurğulayır ki, boşana biləcəyiniz insanlarla evlənin, çünki boşanmaq cütlük münasibətinə aiddir, valideynliyə yox. Nikah bitə bilər, amma valideynlik məsuliyyəti əsla sona çatmır.

Uşaq dünyaya gətirən valideynlər onun həm maddi, həm də mənəvi təminatına görə birbaşa məsuliyyət daşıyırlar və boşanma bu hüquqi, eləcə də mənəvi öhdəliyi ləğv etmir. Təəssüf ki, bir çox hallarda boşanan cütlüklər aliment məsələsini və maddi təminatı uşağın qarşısında müzakirəyə çıxararaq onu böyük psixoloji təzyiq altına salırlar. Psixoloq qeyd edir ki, aliment uşağa verilən sadəcə pul deyil, valideynin övladına qarşı birbaşa maddi məsuliyyətidir. Bu məsuliyyətin uşağın yanında mübahisə obyektinə çevrilməsi azyaşlının daxili dünyasını alt-üst edir. “Aliment niyə verilmir?”, “Atan niyə pul göndərmir?”, “Anan niyə belə edir?” kimi suallarla qarşılaşan uşaq təhlükəsizlik hiss prinsipini itirir, özünü günahkar hesab edərək “Mən problem yaradıram”, “Mənim ehtiyaclarım yükdür” kimi dağıdıcı düşüncələrə qapılır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən klinik psixoloq Rövşən Nəcəfov vurğulayıb ki, valideynlərin uşağı bir-birinə qarşı təzyiq və manipulyasiya alətinə çevirməsi onun psixoloji sərhədlərini kobud şəkildə pozur:

“Uşaq heç vaxt vasitə, mesaj daşıyıcısı və ya valideynlər arasındakı mübarizənin tərəfi deyil. Valideynlər boşandıqdan sonra da övladları qarşısında məsuliyyət daşıdıqlarını unutmamalıdırlar. Təəssüf ki, bir çox hallarda valideynlər öz şəxsi incikliklərini uşağın üzərindən çıxırlar. Daimi gərginlik və münaqişə mühitində böyüyən uşağın psixikasında xroniki stress yaranır. Bu isə öz növbəsində yuxu pozuntuları, diqqət və konsentrasiya çətinlikləri, aqressiya, içəqapanma, məktəbə adaptasiya problemləri, ayrılıq qorxusu və emosional qeyri-sabitlik kimi ağır nəticələrə gətirib çıxarır”.

Onun sözlərinə görə, uşaqların bu cür destruktiv mühitdə böyüməsi onların gələcək həyatına və quracaqları münasibətlərə də dağıdıcı təsir göstərir:

“Uşaq valideynlərinin münasibət modelini gələcək həyatına daşıyır. O, münaqişəni münasibətin normal hissəsi, məsuliyyətsizliyi valideynliyin adi forması, manipulyasiyanı isə ünsiyyət üsulu kimi qəbul etməyə başlayır. Nəticədə ya gələcəkdə zərərli və toksik münasibətlərdə qalır, ya da ümumiyyətlə yaxın münasibətlərdən qaçır. Unutmaq lazım deyil ki, cütlük bir-birindən boşanır, lakin valideyn övladından boşanmır. Uşaq boşanmanın qurbanı olmamalı və uşaqlığını itirməməlidir. Uşağın əsas ehtiyacı valideynlərdən birinin digərinə qalib gəlməsi deyil, hər iki valideyninin öz vəzifəsini layiqincə yerinə yetirməsidir”.