Sosial medianın gənclərin gündəlik həyatındakı rolunun artması ilə yanaşı, onun psixoloji sağlamlığa mümkün təsirləri də son illərdə daha çox diqqət çəkən məsələlərdən birinə çevrilib. Xüsusilə yeniyetmə və gənclərin sosial platformalarda keçirdiyi vaxt, qarşılaşdıqları məzmun və virtual mühitdə formalaşan sosial müqayisələr müxtəlif psixoloji risklər kontekstində müzakirə olunur. Bu baxımdan platformalarda istifadəçiləri mümkün risklər barədə məlumatlandıran xəbərdarlıqların tətbiqi həm maarifləndirici, həm də profilaktik mexanizm kimi nəzərdən keçirilə bilər.
Maraqlıdır, belə xəbərdarlıqlar gənclərin sosial media davranışına real təsir göstərmək üçün kifayət qədər effektivdirmi?
Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, sosial media artıq gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib:
“Lakin son illərdə aparılan araşdırmalar göstərir ki, sosial mediadan həddindən artıq və nəzarətsiz istifadə depressiv əlamətlər, narahatlıq, yuxu problemləri, özünəinamın azalması və bədən imici ilə bağlı narahatlıqlarla əlaqəli ola bilər.
Bu baxımdan, sosial media platformalarında gənclərə psixoloji risklərlə bağlı xəbərdarlıqların yerləşdirilməsi müəyyən qədər faydalı ola bilər. Xəbərdarlıq ilk növbədə insanda fərqindəlik yaradır. Gənc öz istifadəsinə kənardan baxaraq, “Mən sosial mediada nə qədər vaxt keçirirəm?”, “Bu platformalardan istifadə etdikdən sonra özümü necə hiss edirəm?” kimi suallar verməyə başlaya bilər.
Lakin təkcə xəbərdarlığın olması davranış dəyişikliyinə zəmanət vermir. İnsanlar, xüsusilə sosial media kimi vərdişə çevrilmiş davranışlarını yalnız məlumat əldə etdikləri üçün dəyişməyə bilərlər. Burada sosial medianın yaratdığı emosional stimullaşdırma, daim yeni məzmunla qarşılaşmaq və bəyənilmə ehtiyacı da rol oynayır.
Məncə, xəbərdarlıqlar daha çox profilaktik və maarifləndirici vasitə kimi qiymətləndirilməlidir. Onlar gənclərin diqqətini problemin mövcudluğuna yönəldə bilər. Bununla yanaşı, rəqəmsal savadlılıq, valideynlərin maarifləndirilməsi, məktəblərdə psixoloji təhsilin gücləndirilməsi və sağlam sosial media vərdişlərinin formalaşdırılması da vacibdir”.
Psixoloq bildirib ki, xüsusilə yeniyetmələrdə sosial mediada gördükləri ideal görüntülərlə özlərini müqayisə etmək bədən imicinə və özünəqiymətləndirməyə təsir göstərə bilər:
“Buna görə də gəncə sadəcə “sosial mediadan az istifadə et” deməkdənsə, onun gördüyü məzmunu necə qiymətləndirməyi və sosial medianın yaratdığı emosional təsiri necə tanımağı öyrətmək daha effektiv yanaşmadır.
Nəticə olaraq, sosial media platformalarında psixoloji xəbərdarlıqlar faydalı addım ola bilər, lakin onları problemin tam həlli kimi görmək düzgün olmaz. Xəbərdarlıq insanı düşünməyə vadar edə bilər, real və davamlı davranış dəyişikliyi isə daha geniş psixoloji və maarifləndirici tədbirlərin birgə tətbiqindən asılıdır.
Əsas məqsəd gəncləri sosial mediadan tamamilə uzaqlaşdırmaq deyil, onların sosial mediadan daha şüurlu, sağlam və balanslı şəkildə istifadə etməsinə kömək etməkdir”.
//Gülnarə Abasova, Editor.az

