Böyük Britaniya hökuməti mərhum kriminal avtoritet Nadir Səlifovun qardaşı Namiq Səlifova sanksiya tətbiq edib. Rəsmi London onun İranla əlaqəli “düşmən fəaliyyəti”ndə iştirak etdiyini iddia edir.
Musavat.com xəbər verir ki, sanksiyalar 11 may tarixində Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper tərəfindən elan olunub.
Britaniya Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, yeni sanksiyalar “Birləşmiş Krallığın və beynəlxalq təhlükəsizliyin əleyhinə yönəlmiş fəaliyyətlərdə iştirak edən şəxsləri və strukturları” hədəfə alır.
Rəsmi sənədlərdə qeyd olunur ki, Tehran Avropa və ABŞ-də müxtəlif təhdid əməliyyatları üçün kriminal qruplaşmalardan və maliyyə şəbəkələrindən istifadə edir. Britaniya hökuməti məhz bu fəaliyyətlərə görə 9 nəfərə və 3 quruma qarşı aktivlərin dondurulması və ölkəyə giriş qadağası tətbiq edib.
Sanksiya siyahısına daxil edilən şəxslər arasında Azərbaycan vətəndaşı olan Namiq Səlifov da var. Britaniya tərəfi onu “İran adından hücumların planlaşdırılması və ya təşkili ilə əlaqəli fəaliyyətlərdə” iştirak edən şəxslər sırasında göstərib.
Xarici işlər naziri Yvette Cooper açıqlamasında bildirib:“İran rejiminin dəstəklədiyi kriminal proksilər Britaniya və Avropanın təhlükəsizliyini təhdid edirsə, buna dözümlü yanaşılmayacaq”.
Beynəlxalq araşdırma platforması OCCRP yazır ki, Britaniyanın sanksiya tətbiq etdiyi şəxsin məhz “Lotu Quli”nin qardaşı olan Namiq Səlifov olduğu sonradan əlavə identifikasiya məlumatları ilə dəqiqləşdirilib. Araşdırmada diqqət çəkən daha bir detal isə budur ki, ABŞ-da ötən il İran adından həyata keçirildiyi iddia olunan sifarişli qətl planı üzrə mühakimə olunan şəxslərin Namiq Səlifovun çevrəsi ilə əlaqəli olduğu göstərilir.
Böyük Britaniya İranla bağlı siyasətini davamlı olaraq sərtləşdirir. London son aylarda İranın maliyyə, enerji və təhlükəsizlik strukturlarına qarşı sanksiyaları genişləndirib.
Britaniya hökuməti iddia edir ki, İran Avropada dissidentlərə qarşı təzyiqlər, sui-qəsd planları və qeyri-rəsmi kriminal şəbəkələrdən istifadə praktikasını genişləndirir. Rəsmi Tehran isə bu ittihamları dəfələrlə rədd edib.


