Azərbaycanda korrupsiya cinayətlərinə görə məhkum olunmuş keçmiş məmurların müsadirə edilən mülklərinin və avtomobillərinin hərraclarda dəfələrlə satıla bilməməsi son dövrlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Yasamal rayonundakı 370 kvadratmetrdən böyük olan mənzilinin alıcı tapılmadığı üçün artıq dördüncü dəfə, özü də 25 faiz endirimlə yenidən hərraca çıxarılması, eləcə də İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin ailə üzvlərinin idarə etdiyi “Range Rover” və “BMW 740İ” markalı lüks avtomobillərin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq hələ də satılmamış qalması cəmiyyətdə bu cür əmlaklara qarşı ciddi bir çəkinmənin olduğunu göstərir. Ekspertlər bu vəziyyəti reputasiya riskləri, qiymətlərin real bazar dəyərinə uyğun gəlməməsi, gələcəkdə qiymətlərin daha da düşəcəyi gözləntisi və hətta mənəvi-psixoloji amillərlə əlaqələndirsələr də, məsələnin hüquqi tərəfi həm alıcılar, həm də dövlət maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, dövlət tərəfindən cinayət işi çərçivəsində müsadirə edilmiş əmlakların qanuni hərrac vasitəsilə satışı tamamilə hüquqi bir prosedurdur, lakin vətəndaşlar arasında keçmiş sahiblərin gələcəkdə mülkiyyət iddiaları ilə çıxış edə biləcəyinə dair müəyyən narahatlıqlar hələ də qalmaqdadır: “Məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra müsadirə olunmuş əmlak dövlət nəzarətinə keçir və onun rəsmi orqanlar tərəfindən satışı tam qanunidir. Lakin potensial alıcılar psixoloji olaraq ehtiyat edirlər ki, gələcəkdə hansısa beynəlxalq məhkəmə instansiyalarının qərarları və ya ölkə daxilində işə yenidən baxılması halları baş verərsə, bu mülklərin statusu yenidən mübahisələndirilə bilər. Hüquqi savadlılığın və ya bu prosedurlara inamın yetərli olmaması insanları belə böyük məbləğdə investisiyalar zamanı risk etməkdən çəkindirir”.
Onun sözlərinə görə, hərracların dəfələrlə təxirə salınmasının və qiymətlərin mexaniki olaraq endirilməsinin arxasında həm də qiymətləndirmə prosesindəki boşluqlar və əmlakın üzərində qalan gizli öhdəliklər dayanır: “Müsadirə edilən əmlakların ilkin start qiyməti bəzən real bazar konyunkturundan tamamilə qopuq şəkildə, həddindən artıq yüksək müəyyən edilir və bu da təbii olaraq ilk mərhələlərdə marağı sıfıra endirir. Digər tərəfdən, alıcılar qorxurlar ki, mənzili və ya obyekti aldıqdan sonra onun keçmiş kommunal borcları, vergi öhdəlikləri və ya üzərində olan digər gizli yüklülükələr yeni sahibin çiyinlərinə düşə bilər, çünki hərrac elanlarında bu xırda, lakin təhlükəli detallar bəzən tam şəffaf şəkildə əks olunmur”.
Hüquqşünas qeyd edib ki, bu tipli əmlakların satışını sürətləndirmək və dövlət büdcəsinə dəyən ziyanın kompensasiya edilməsini təmin etmək üçün qanunvericilik və icra mexanizmlərində daha qəti təminatlar yaradılmalıdır: “Dövlət hərraca çıxarılan bu növ əmlakların gələcək taleyi ilə bağlı alıcıya mütləq və toxunulmaz bir hüquqi zəmanət paketi təqdim etməlidir. Əgər qanunvericilik səviyyəsində tam təsdiq olunsa ki, hərracdan alınan müsadirə mülkiyyəti heç bir halda və heç bir instansiyada geri alına bilməz və bütün keçmiş borclar dövlət tərəfindən silinir, o zaman həm qeyri-müəyyənlik aradan qalxar, həm də əmlakların Reputasiya aşınması dayandığı üçün alıcı aktivliyi bərpa olunar”.
NOCOMMENT.az


