Cənubi Qafqazda nəzarət savaşı: Ermənistan niyə poliqona çevrilib?backend

Cənubi Qafqazda nəzarət savaşı: Ermənistan niyə poliqona çevrilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Ermənistanın xarici siyasətdə apardığı kurs ölkəni təkcə regional deyil, həm də qlobal güclərin rəqabət meydanına çevirib. İrəvanın Qərblə yaxınlaşma cəhdləri və Rusiyanın bölgədəki mövqelərini qorumaq istəyi fonunda Ermənistan üzərində geosiyasi mübarizə daha da kəskin xarakter alır. Bu proseslər yalnız Ermənistanın daxili siyasi gələcəyinə deyil, bütövlükdə Cənubi Qafqazda qüvvələr balansının formalaşmasına təsir göstərən amillər sırasında yer alır.

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan ətrafında baş verən hadisələr və ölkədə gedən seçki prosesi artıq təkcə Ermənistanın gələcəyini müəyyənləşdirən faktor deyil:

“Bu proseslər eyni zamanda Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətin gələcək istiqamətlərinə birbaşa təsir göstərmək potensialına malikdir. Ermənistan nə qədər kiçik dövlət olsa da, Cənubi Qafqazın mühüm ölkələrindən biridir və regionda cərəyan edən geosiyasi proseslərin yönləndirilməsi baxımından təsir alətinə çevrilə bilər. Məhz buna görə də hazırda Ermənistan ətrafında və onun üzərində kifayət qədər ciddi qarşıdurma müşahidə olunur.

Qərb Ermənistanı Rusiyanın təsir dairəsindən tamamilə çıxarmağa çalışdığı halda, Kreml bu ölkəni itirmək niyyətində deyil. Rusiya Ermənistanın Qərbin nəzarətinə keçməsini öz regional maraqlarına ciddi təhdid kimi qiymətləndirir. Əgər Ermənistan Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiyanı davam etdirərsə və nəticədə Qərbin təsir dairəsinə daxil olarsa, bu halda Moskva faktiki olaraq Cənubi Qafqazdakı mövqelərinin böyük hissəsini itirmiş olacaq. Belə bir ssenari Rusiyanın regiondakı təsir mexanizmlərinin əhəmiyyətli hissəsinin Qərbin nəzarətinə keçməsi ilə nəticələnə bilər.”

Politoloqun sözlərinə görə, Rusiya üçün strateji əhəmiyyət daşıyan məsələlərdən biri də TRİP layihəsi, yəni Zəngəzur dəhlizi ilə bağlı proseslərdir:

“Kreml yaxşı anlayır ki, əgər TRİP layihəsi Rusiyanın iştirakı və xüsusilə də onun aparıcı rol oynamadığı formatda reallaşarsa, bu, Moskvanın Cənubi Qafqazdakı geosiyasi imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Belə olan halda ABŞ Zəngəzur dəhlizi vasitəsilə Ermənistanda və bütövlükdə Cənubi Qafqazda mövqelərini gücləndirmək imkanı əldə edər. ABŞ-la bu regionda rəqabət aparmaq isə Rusiya üçün olduqca çətin görünür.

Bu səbəbdən Ermənistan uğrunda mübarizə həm Rusiya, həm də Qərb üçün strateji və həlledici əhəmiyyət daşıyır. Tərəflərdən hər biri bu ölkədə mövqelərini gücləndirməyə çalışır, Rusiya isə xüsusilə öz təsir mexanizmlərini qorumaqda israrlıdır. Bu qarşıdurmanın nəticələri yalnız Ermənistanın gələcək siyasi taleyini deyil, həm də Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda davam edən geosiyasi rəqabətin yekun nəticələrini müəyyənləşdirəcək”.

//Gülnarə Abasova, Editor.az