“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Editor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 4-cü İqlim Həftəsi çərçivəsində Musavat.com-un sualını cavablayarkən bildirib.
Nazir qeyd edib ki, sülh sazişinin paraflanmasından sonra ehtiyac duyulan proses başa çatdırılmalıdır:
“Ermənistanda referendum keçirilməli, yeni konstitusiya qəbul edilməlidir. Bu, Ermənistanın daxili prosesidir. Bu istiqamətdə müxtəlif mesajlar eşidirik. Seçkilərdən öncə də bəyanatlar var idi. Nikol Paşinyan bu ilin sonuna qədər yeni konstitusiya mətninin açıqlanacağını və daha sonra referendumun keçiriləcəyini bildirib. Bu, Ermənistandan asılı olan prosesdir. Biz müşahidə edir və gözləyirik. Prosesin tam başa çatdırılması, sülh sazişinə son imzanın atılması üçün nəticəni gözləyəcəyik”.

