Rusiya-Qərb qarşıdurmasında yeni cəbhə: Moskva hərbi cavaba hazırlaşır?backend

Rusiya-Qərb qarşıdurmasında yeni cəbhə: Moskva hərbi cavaba hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Avropa İttifaqı arasında Ukrayna müharibəsi fonunda dərinləşən siyasi və iqtisadi qarşıdurmanın hərbi müstəviyə keçməsi yalnız tərəflər üçün deyil, daha geniş coğrafiya üçün də ciddi təhlükəsizlik riskləri yarada bilər. Xüsusilə Qara dəniz, enerji marşrutları və beynəlxalq ticarət yolları baxımından bu cür eskalasiya region ölkələrinin, o cümlədən Azərbaycanın təhlükəsizlik və iqtisadi maraqlarına birbaşa və dolayı təsir göstərə bilər. Paralel olaraq, Asiya-Sakit okean regionunda mövcud geosiyasi ziddiyyətlərin dərinləşməsi qlobal güc balansında yeni risklər formalaşdırır. Bu baxımdan Moskvanın son açıqlamaları həm Avropa-Rusiya münasibətlərinin gələcək istiqaməti, həm də beynəlxalq təhlükəsizlik mühiti kontekstində diqqətlə qiymətləndirilməlidir.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, son aylarda Rusiya-Avropa dövlətləri arasında münasibətlər Ukrayna məsələsinə görə daha da kəskinləşməkdə davam edir:

“Son aylarda Rusiyanın təcavüzkarlığının artması və Avropa dövlətlərinə, eləcə də Ukraynaya qarşı çox inadkar hərəkət etməsi müəyyən qədər Trampın apardığı siyasətdən qaynaqlanır. Çünki son aylarda Tramp Rusiyanın mənafelərinə Avropadan fərqli, daha yumşaq münasibət göstərməyə başlayıb. Xüsusilə Rusiyanın Mərkəzi Bank rəhbəri və Maliyyə Nazirinin Amerikadakı mötəbər, qlobal nazirlər tədbirinə dəvət olunması, orada onlara böyük ehtiramın göstərilməsi analitiklər tərəfindən haqlı olaraq Amerikanın Rusiyanı müəyyən qədər sanksiyaların təsirindən və təcriddən qurtarmaq cəhdi kimi qiymətləndirilir.

Eyni zamanda, elə bu günlərdə Konqresə təqdim olunmuş və daha əvvəllər Rusiyaya qarşı, onun sanksiyalardan yayınmasına kömək edən 5 ölkəyə qarşı nəzərdə tutulmuş qanun layihələri Konqresin müzakirəsinə təqdim olunmadı. Aydın məsələdir ki, bunlar Amerikanın həqiqətən Rusiyaya son aylarda daha dözümlü yanaşmasının əlamətidir və Amerikanın Rusiya ilə kəskin qarşıdurmaya getmək istəmədiyini göstərir.

Eləcə də Ukrayna mövzusunda Trampın Rusiyanın yanında, Rusiyanın başını daha çox tumarlamağa çalışması da Rusiyanı müəyyən qədər qızışdırır. Belə şəraitdə həm quruda, Avropa kontinentində, həm də dünya miqyasında, okeanlarda Rusiya ilə Avropanın münasibətləri getdikcə daha çox hərbi müstəviyə keçməkdədir”.

Siyasi analitik sözlərinə görə, Avropa ölkələri hesab edirlər ki, Rusiya sanksiyalardan yan keçərək qanunsuz donanma gəmiləri ilə dünya sularında neft satır:

“Buna görə də Avropa ölkələri hazırda Rusiyanın “qara donanma” adlandırdığı gəmilərlə qanunsuz neft satışını məhdudlaşdırmaq üçün Rusiyanın gəmilərini təqib etməyə başlayıb. Bu isə Rusiya tərəfindən onun ticarət gəmilərinə tətbiq olunmuş qanunsuz izləmə kimi qələmə verilir və Rusiya öz gəmilərinin müdafiəsi üçün addımlar atacağını bildirir.

Həm də bu, elə bir vaxtda baş verir ki, Rusiya açıq-aşkar Ukrayna mövzusunda hərbi fəaliyyəti son qələbəyə qədər davam etdirəcəyini bəyan edir. Hətta bunu Trampın adamlarına da bildirdi ki, heç nəyə baxmayaraq Rusiya Ukraynadakı missiyasını hərbi yolla başa çatdırmaqda maraqlıdır.

Belə şəraitdə, bir tərəfdən Ukrayna mövzusunda Qərbin vahid mövqedə olmaması, Amerikanın Rusiyaya daha yumşaq münasibət göstərməsi Rusiyanı Avropaya qarşı daha aqressiv hərəkətlərə sövq edir. Bəli, həqiqətən Rusiya onun neft gəmilərinin, tankerlərinin təqib olunmasına qarşı dünya okeanlarında hərbi cavab verməyə hazırlaşır. Əlbəttə, bunun baş verməsi isə o deməkdir ki, Avropa ilə Rusiyanın, NATO-nun Avropa üzvü olan ölkələri ilə Rusiyanın münasibətləri hərbi qarşıdurma müstəvisində daha da irəli gedəcək”.

//Gülnarə Abasova, Editor.az