İnqilabdan əvvəlki var-dövlətdən Narışkinlərin qismətinə düşən darısqal üç otaqlı mənzil olub – ilginc həyat hekayəsi
Rusiya haqda ənənəvi rəy odur ki, bu ölkəni yalnız “KQB” məktəbi keçmiş siyasətçilər idarə edə bilər. Hazırkı dövlət başçısı Vladimir Putini nümunə gətirərək, gələcək Rusiya prezidentinin də xüsusi xidmət orqanlarında işləmiş biri olacağını proqnozlaşdırırlar.
“Putindən sonra Rusiyanı kim idarə edəcək”, “Kreml liderinin varisi kimdir” suallarına müxtəlif namizədlər göstərilib. Məsələn, onlardan ən çox Aleksey Dyuminin adı çəkilib. Hazırda Dövlət Şurasının katibidir. İkinci potensial namizəd isə Təhlükəsizlik Şurasının keçmiş katibi, indi Putinin köməkçisi olan Nikolay Patruşevdir.
“KQB” məktəbinin uşaqları
Lakin Kreml daxilində ideoloji nəzarətə görə məsul şəxslərdən biri Sergey Kiriyenkonun, baş nazir Mixail Mişustinin də zaman-zaman adı çəkilib. Əslində kim istəməz ki, Rusiya prezidenti olsun? Amma kim istəyər ki, Putindən sonrakı Rusiyanın dövlət başçısı olsun?! Axı söhbət müharibədən çıxmış ölkədən gedəcək…
Di gəl, bugünlərdə maraqlı bir xəbər qarşıma çıxdı. Orada deyilir ki, Putin Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinə Dmitri Medvedyev prezident olduğu illərdə ona nəzarət etməsini tapşırıbmış. Yəni Putin Medvedyevə də yox, Narışkinə daha çox etibar edib. Elə mətbuatda gedən bəzi xəbərlərdə altından qırmızı xətlə cizilərək qeyd olunur ki, Narışkin Putinin varislərindən biridir.
Bu da ilk növbədə onunla əsaslandırılır ki, Narışkin Putinin ən yaxın ətrafına – “siloviki” (güc strukturlarının rəhbərləri) adlanan qrupa daxildir. Ən vacib nüans isə girişdə qeyd etdiyimiz kimi, Rusiyanın gələcək liderinin “KQB” keçmişinə malik olmasıdır. Bu səbəbdən, Narışkin Putinlə birlikdə DTK (KGB) keçmişi olan təcrübəli kadrdır. O, Dövlət Dumasının sədri və Prezident Administrasiyasının rəhbəri kimi yüksək dövlət postlarında çalışıb, Kremlə tam sadiq fiqurdur, hazırda Xarici Kəşfiyyat Xidməti kimi mühüm struktura rəhbərlik edir. Yəni bilmədiyi sirr yoxdur. Yeri gəlmişkən, ötən həftə Narışkin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin Sankt-Peterburqda keçirilən XXII iclasında çıxış edərkən Avropa İttifaqını MDB məkanında sabitliyi pozmağa və etiraz əhval-ruhiyyəsini gücləndirməyə çalışmaqda ittiham edib. Onun sözlərinə görə, Avropa elitaları bir tərəfdən Avropanın müdafiə və nüvə potensialının gücləndirilməsi istiqamətində addımlar atır, digər tərəfdən isə postsovet məkanında siyasi sabitliyə təsir göstərməyə çalışırlar. “Avropada Vermaxt ruhunu dirçəltmək cəhdləri ilə eyni vaxtda Avropa elitaları MDB ölkələrində sabitliyin pozulması istiqamətində ciddi səylər göstərirlər”, – deyə kəşfiyyat rəhbəri bildirib.
I Pyotrun nəsli, gizlənən adam
Tarixi kontekstdə isə Narışkinlər Rusiya İmperiyasının ən məşhur zadəgan və boyar nəsillərindən biridir. I Pyotrun anası Natalya Narışkina bu nəsildəndir. Bu nəslin birbaşa varisləri və mülkiyyət hüquqları ilə bağlı məsələlər 2012-ci ildə Sankt-Peterburqdakı Narışkin malikanəsində çar dövrünə aid böyük bir xəzinə (gümüş qab-qacaq və zinət əşyaları) tapılarkən gündəmə gəlib. O zaman xaricdə yaşayan bəzi şəxslər özlərini bu nəslin qanuni varisi elan etsələr də, hüquqi cəhətdən həmin mülk dövlət fondunda saxlanılıb. Kəşfiyyat rəhbəri Sergey Narışkinin bu tarixi zadəgan ailəsi ilə birbaşa qan qohumluğunun olub-olmaması hələ də rəsmən təsdiqlənməyib.
… Narışkin 27 oktyabr 1954-cü ildə Sankt-Peterburqda, o vaxtkı Leninqradda doğulub. Deyilənə görə, gözə girməyi hələ uşaqlıq dövründən sevməyib. Hətta sinif rəhbərindən xahiş edib ki, onu oturduğu birinci sıradan ikinciyə keçirsin. Dostluğa sədaqət isə onun üçün boşboğazlıq, pafos deyil, həqiqətdir. Məktəb illərində eyni partanı bircə nəfərlə – sinif əlaçısı Aleksey Pastuxovla bölüşüb. İndi kirvədirlər, nəvələri ilə birgə gəzişməyi sevərlər.
Sergey üzməyi hələ lap uşaqkən Peterburqun Fontanka çayında öyrənib. Səhər ertədən özünü hovuza atırmış. 300-500 metr məsafəni bir nəfəsə üzür. Narışkin 101 saylı Ümumittifaq Kəşfiyyat Məktəbini qurtarıb. Vladimir Putinlə ilk tanışlığı da burada olub. Mükəmməl fransızcası, ingiliscəsi var.

İnqilabdan əvvəlki var-dövlətdən Narışkinlərin qismətinə düşən darısqal üç otaqlı kasıb mənzildir. Sankt-Peterburqun düz göbəyində, Fontanka çayının qranit sahillərində yerləşirdi. Sergey Narışkin uzun illər bu darısqal mənzili öz qardaşı, valideynləri, babası ilə bölüşüb. Çox kasıb həyat tərzi sürüb.
Babaların xəzinəsi, “Naumov”un sirri
Amma ağlına belə gətirə bilməyib ki, babalarının möhtəşəm sərvəti bu ünvandan çox da uzaqlarda deyil, elə qonşu Çaykovski küçəsindəki məxfi bir hücrədə gizlədilib. 2012-ci ildə fəhlələr bu ünvanda təmir işləri apararkən qapısı kərpiclə hörülmüş çox məxfi bir hücrə aşkarlayıblar. Xəzinədəki qır-qızılın, xalis gümüşün ümumi çəkisi ağlasığmaz olub. Xəzinə indi dünyada aşkarlanmış ən zəngin dəfinələr siyahısına daxildir. Ancaq çox gec idi və Sergey bir küçə o tərəfdə kasıb evdə yaşayıb…
Marina Orlova adlı qız Sergeyi “sinifin günəşi” adlandırıb: “Qızlarımızın hamısı ona vurulmuşdu. Gitarada gözəl romanslar ifa edərdi. İkinci sırada əyləşsə də, əli həmişə öndədir. Hazırcavabdır. Çətin ev tapşırıqları üzərində uzun zaman başını sallayardı. Bizlərdən “canlı piramida” qurmağı sevərdi. Çıxardıq bir-birimizin kürəkləri üstə. Beləcə qonşu sinif üzərinə hücuma keçərdik. Sergey bir əlaçı kimi bütün məktəblərarası yarışmaların qalibidir. Son buraxılış imtahanlarını verincə özünü paltarlı-paltarlı atdı Fontanka çayına. Gördük başı görünmür. Həyəcanlandıq bir an. Sonra gördük yox ey… Sergey qarşı sahildədir. Oradan bizə əl edir”.
Sergey Narışkin 1978-82-ci illərdə əməliyyat-axtarış tədbirlərini öyrənir. Yeri gəlmişkən, sovet dövründə təlim zamanı Narışkinin “Naumov” əməliyyat təxəllüsü var imiş. Sonra Leninqrad Politexnik İnstitutunda savadını gücləndirir. İlk təyinatı hara olsa yaxşıdır – Brüsselə! SSRİ-nin Belçikadakı səfirliyində iqtisadi müşavir vəzifəsində çalışıb.
SSRİ-nin süqutundan sonra tale Sergey Narışkini yenidən Vladimir Putinlə görüşdürür. Hər ikisi Peterburq meriyasında eyni işlə – xarici investisiyalarla məşğul olur. Narışkin bir ara özəl bank sektorunda da çalışıb. “Filipp Morriss”, “Ford”, “Katarpiller” kimi nəhəngləri Peterburqa gətirib yerləşdirib.
Narışkinin az qala işləmədiyi vəzifə olmayıb. Leninqradda müxtəlif komitələrdə yüksək yer tutub. 2016-cı ildən isə 10 ildir ki, kəşfiyyat şefidir. Qeyd olunur ki, keçmiş Moskva meri Yuri Lujkovu batan yox idi. Ancaq Narışkin jurnalistlərin qarşısında Lujkova üzünü tutur: “Moskvadakı talançılıq bütün hədləri aşıb, özünüzə iş yeri axtarın”. Hərçənd Narışkin özü də maliyyə qalmaqallarında ittiham olunub. İddia edilir ki, Narışkin ailəsi Leninqrad vilayətindəki spirt istehsalına nəzarət edir.
İki müharibədən zərər çəkən ailə…
Yaddaqalan digər fakt isə 2022-ci il fevralın 21-də Rusiya Təhlükəsizlik Şurasının “DXR” və “LXR”in tanınması ilə bağlı keçirilən iclasında baş verənlərdir. Narışkin çıxış etdikdən sonra Putin onu “yöndəmsiz”liyinə görə açıq şəkildə qınamışdı. Çünki müharibənin başlanmasına birmənalı şəkildə “hə” deməyə tərəddüd etdiyi hiss olunurdu. Zaman da təsdiqləyir ki, Narışkin haqlı imiş. Hazırda ölkəsi də, özü də sanksiyalar altındadır.
Şəxsi həyatına gəlincə, nənəsi, babası, atası və bibisi İkinci Dünya müharibəsi illərində bütün mühasirəni Leninqradda keçiriblər. Babası müdafiə zavodunda işləyib, işə getməyə artıq gücü çatmayanda stasionar rejimə keçib, yəni zavodda gecələyib. 1942-ci ilin qışında isə yorğunluqdan ölüb və Piskarevskoye qəbiristanlığında kütləvi məzarlıqda dəfn edilib. Onun atası da ölüm astanasında olub, aclıqdan xəstələnib, lakin həyatını şəhərətrafı ərazidə yaşayan bir qohumunun gətirdiyi yarım torba kartof xilas edib. Yəni hər iki müharibə Narışkinlərə düşərli olmayıb.
Sergey Narışkin ailəlidir, bir oğlu, qızı və iki nəvəsi var. Həyat yoldaşı Tatyana Sergeyevna Yakubçik informasiya texnologiyaları mütəxəssisidir. Oğlu Andrey Narışkin “Enerqoproekt” QSC-nin baş direktorunun müavinidir, evlidir, iki qızı var – Anna və Natalya.
Qızı Veronika Sergeyevna Narışkina idman ustasıdır, Ümumrusiya Üzgüçülük Federasiyasında işləyir, 2021-ci ilin yanvarından “İntex”in icraçı direktoru vəzifəsini tutur. Narışkin özü isə uşaqlıqdan üzgüçülüklə məşğuldur, bu idman növünü çox sevir, ona görə qızı bu yolu davam etdirib. Narışkin xizək sürür və tennis oynayır. Leninqrad vilayətinin Vsevolojsk rayonundakı kənd evində dincəlir, teatrsevər, bard mahnılarının pərəstişkarıdır (Vizbor, Vısotski, Okudjava), özü gitara çalır.
Amma 2018-ci ildə məlum olub ki, Narışkinin oğlu, gəlini və iki nəvəsinin tam adları Macarıstanda yaşamaq üçün müraciət edənlərin siyahısındadır. Bu ölkədə yaşamaq üçün müraciət edən ruslar haqqında məlumatları Macarıstanın Direkt36 araşdırma jurnalistikası mərkəzi və “444″ xəbər portalı ilə birgə araşdırma aparan Rusiya mediası əldə edib. Rusiya Xarici Kəşfiyyat İdarəsi məlumatı şərh etməkdən imtina edib.
Bütün bu bioqrafiyanın fonunda indi əsas məsələ budur ki, “sinfin günəşi”, üstəlik, I Pyotrun nəslindən olduğu ehtimal edilən Narışkin Rusiyanın gələcək günəşinə çevrilə bilərmi?
Musavat.com

