Havaların soyuması və gün işığının azalması bəzi insanlarda psixoloji gərginliyi artıraraq alkoqola meyli gücləndirə bilər.
Editor.az xəbər verir ki, psixiatr, “Doktor” telekanalının eksperti Stepan Fimkin bildirib ki, fəsillərin dəyişməsi özlüyündə alkoqol asılılığına səbəb olmur. Lakin payız aylarında yaranan kədər, halsızlıq və tənhalıq hissi bəzi insanlarda stressdən uzaqlaşmaq üçün spirtli içkilərdən istifadəyə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, payız bir çox insan üçün boz hava, kədər və yayın başa çatması ilə assosiasiya olunur. Bu dövrdə alkoqola fizioloji tələbatın mütləq şəkildə artdığını söyləmək düzgün deyil. Daha çox xoşagəlməz emosiyalardan, o cümlədən kədər və tənhalıq hissindən uzaqlaşmaq istəyi güclənir.
Artıq alkoqol asılılığından əziyyət çəkən insanlarda isə içki qəbulunun fəsillərdən asılı olaraq dəyişməsi ilə bağlı dəqiq qanunauyğunluq müşahidə edilmir. Belə şəxslər, bir qayda olaraq, ilin bütün dövrlərində mütəmadi şəkildə spirtli içki qəbul edirlər. Payız aylarında problemin daha qabarıq şəkildə üzə çıxması əsasən alkoqoldan psixoloji gərginliyin öhdəsindən gəlmək vasitəsi kimi istifadə edən insanlarda müşahidə olunur.
Həkim qeyd edib ki, alkoqol asılılığı adətən birdən-birə formalaşmır. Proses tədricən və çox vaxt gizli şəkildə inkişaf edir. İnsan içki qəbul etdiyini yaxınlarından gizlədə, istifadə etdiyi spirtin miqdarını olduğundan az göstərə və ya daha zəif alkoqollu içkilərə keçə bilər. Spirtli içkinin iş vaxtında qəbul edilməsi və səhərlər özünü yaxşı hiss etmək üçün yenidən içmək istəyinin yaranması isə ciddi xəbərdarlıq əlamətləri hesab olunur.
Asılılıq dərinləşdikdə insan içki qəbuluna nəzarəti itirə və alkoqola olan ehtiyac ailə və iş kimi digər həyat prioritetlərini arxa plana keçirə bilər. İçkidən imtina cəhdləri zamanı güclü narahatlıq, əllərdə titrəmə, ürəkbulanma və qıcolmalarla müşayiət olunan ağır abstinensiya əlamətləri də yarana bilər.
Fimkin bildirib ki, soyuq aylarda spirtli içkinin insan həyatında həddindən artıq yer tutmasının qarşısını almaq üçün gündəlik fəaliyyətin idman, yaradıcılıq və içki məclisləri ilə əlaqəsi olmayan sosial ünsiyyətlə zənginləşdirilməsi vacibdir. İnsan alkoqol qəbuluna müstəqil şəkildə nəzarət edə bilmədiyini hiss edirsə, mütəxəssisə müraciəti təxirə salmamalıdır.
//Gülnarə Abasova, Editor.az

