Qatılaşdırılmış süd xüsusilə uşaqlar, artıq çəkisi və diabeti olan insanlar üçün arzuolunmaz məhsul hesab edilir.
Editor.az xəbər verir ki, dietoloq Anton Polyakov bu məhsulun qan şəkərində kəskin dəyişikliklərə səbəb ola biləcəyini və sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, mağazalarda satılan müxtəlif şirniyyatlar, o cümlədən qatılaşdırılmış süd, orqanizm üçün ciddi fayda daşımır. Əksinə, onların müntəzəm və çox miqdarda istifadəsi bir sıra problemlərə yol aça bilər.
Dietoloq qeyd edib ki, qatılaşdırılmış südün tərkibindəki yüksək şəkər miqdarı dişlərin vəziyyətinin pisləşməsinə, qanda şəkərin və insulin səviyyəsinin kəskin yüksəlməsinə səbəb ola bilər.
Polyakovun sözlərinə görə, bu cür qidalanma uzunmüddətli perspektivdə şəkərli diabet, artıq çəki və piylənmə riskini artıra bilər.
Mütəxəssis xüsusilə karbohidrat mübadiləsində problemi olan, artıq çəkidən əziyyət çəkən və diabet diaqnozu qoyulmuş şəxslərə qatılaşdırılmış süddən imtina etməyi tövsiyə edib.
Dietoloq həmçinin uşaqlara qatılaşdırılmış süd verilməməsinin daha məqsədəuyğun olduğunu bildirib. Onun fikrincə, məhsulun tərkibindəki yüksək şəkər miqdarı uşağın psixoemosional vəziyyətinə də mənfi təsir göstərə bilər.
Daha əvvəl klinik farmakoloq və pulmonoloq Tatyana Molostova da blinçiklər üçün istifadə olunan qatılaşdırılmış süd, bal, mürəbbə və cem kimi əlavələrin ən zərərli seçimlər sırasında olduğunu və onların məhdud miqdarda qəbul edilməli olduğunu bildirmişdi.
Qeyd: Mütəxəssislərin fikrincə, söhbət məhsulun tamamilə qadağan edilməsindən deyil, xüsusilə şəkər mübadiləsində problemi olan insanlar tərəfindən onun qəbulunun məhdudlaşdırılmasından gedir.
//Gülnarə Abasova, Editor.az

