ABŞ Çin şirkətlərini qabaqcıl süni intellekt texnologiyalarının genişmiqyaslı şəkildə mənimsənilməsində ittiham edib. ABŞ-ın təhlükəsizlik və hüquq-mühafizə qurumları bir neçə Çin şirkətinin Amerika şirkətlərinin inkişaf etdirdiyi süni intellekt texnologiyalarından istifadə etdiyini açıqlayıb.
Vaşinqtonun açıqlamasında DeepSeek, Moonshot AI, Alibaba, MiniMax və StepFun kimi şirkətlərin adı çəkilir. ABŞ tərəfi bildirir ki, şirkətlər “distillation” adlanan üsuldan istifadə etməklə daha böyük və güclü süni intellekt modellərinin yaratdığı nəticələrdən faydalanaraq öz sistemlərini inkişaf etdiriblər.
Amerika rəsmilərinin fikrincə, bu proses adi texnoloji rəqabətdən daha geniş xarakter daşıya bilər və bəzi hallarda dövlət dəstəyi ilə həyata keçirilən texnologiya mənimsənilməsi ehtimalını artırır.
İttihamlar Vaşinqtonla Pekin arasında münasibətlərin onsuz da gərgin olduğu bir vaxtda səsləndirilib. ABŞ və Çin arasında süni intellekt, çip istehsalı, texnologiya və milli təhlükəsizlik sahələrində rəqabət son illərdə daha da güclənib.
Məsələ xüsusilə diqqət çəkir, çünki Çin lideri Si Cinpinlə ABŞ rəhbərliyi arasında yaxın vaxtlarda yeni təmasların keçirilməsi gözlənilir. Tərəflərin süni intellektin təhlükəsizliyi ilə bağlı ayrıca müzakirələr aparması da planlaşdırılır.
//Samir Qurbanov, Editor.az

