Depressiya “öyrənilmiş çarəsizlik” sindromundan qaynaqlana bilərbackend

Depressiya “öyrənilmiş çarəsizlik” sindromundan qaynaqlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neyrobioloq Vladimir Alipovun sözlərinə görə, depressiyanın yaranmasını izah edən əsas nəzəriyyələrdən biri “öyrənilmiş çarəsizlik” konsepsiyasıdır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu nəzəriyyəyə əsasən, insanın vəziyyətin nəticələrinə təsir göstərə bilmədiyini düşünməsi və ya həqiqətən nəzarəti itirməsi klinik depressiyanın inkişafına səbəb ola bilər.  

Alipov bildirib ki, alimlər uzun müddət nəzarətsiz stressə məruz qalan heyvanlar üzərində aparılan təcrübələrdə depressiyaya bənzər davranışların formalaşdığını müşahidə ediblər. Məsələn, daha güclü fərdlərlə eyni mühitə yerləşdirilən siçan davamlı məğlubiyyətlərlə qarşılaşdıqdan sonra təşəbbüskarlığını itirir, sosial mübarizədən uzaqlaşır və passiv davranmağa başlayır.  

Mütəxəssisin sözlərinə görə, sonradan bu yanaşma yenidən nəzərdən keçirilib və “öyrənilmiş çarəsizlik” nəzəriyyəsi “öyrənilməmiş nəzarət” modeli ilə əvəz olunub. Bu modelə əsasən, insan həyatına təsir edə bilmədiyi vəziyyətlərlə üzləşdikdə, gələcəyi proqnozlaşdırmağa çalışan beyin ciddi çətinlik yaşayır. Nəticədə yaranan davamlı stress zamanla depressiyaya çevrilə bilər.  

Alipov buna iş mühitindən nümunə gətirib. Onun sözlərinə görə, rəhbərin davranışları qeyri-sabit olduqda və eyni hərəkət bir gün mükafatlandırılıb, digər gün cəzalandırıldıqda, əməkdaş hansı davranışın düzgün nəticə verəcəyini anlaya bilmir. Bu qeyri-müəyyənlik daimi psixoloji gərginlik yaradır.  

Alim qeyd edib ki, xərçəng kimi ağır xəstəlik diaqnozu da insanın nəzarət edə bilmədiyi uzunmüddətli stress mənbəyinə çevrilə bilər. Belə hallarda insan tədricən özünü çarəsiz hiss etməyə başlayır və bu vəziyyət depressiyanın formalaşmasına zəmin yaradır.  

Qeyd edək ki, uzun illər depressiyanın əsas səbəbinin beyində serotonin çatışmazlığı olduğu hesab edilsə də, son dövrlərdə bu nəzəriyyə elmi dairələrdə mübahisə mövzusuna çevrilib və alternativ izahlar daha çox diqqət cəlb edir.  

//Gülnarə Abasova, Editor.az