Deputat Fransanın Azərbaycana qarşı siyasətindən danışdı: “Qərəzli yanaşmalar cavabsız qalmır”backend

Deputat Fransanın Azərbaycana qarşı siyasətindən danışdı: “Qərəzli yanaşmalar cavabsız qalmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa ilə Azərbaycan arasında münasibətlərdə son dövrlər müşahidə olunan gərginlik qarşılıqlı siyasi ritorikanın sərtləşməsi ilə müşayiət olunur. Parisin Bakı ilə bağlı mövqeyində beynəlxalq hüququn və dövlətlərin suverenliyi prinsipinin əsas götürülməməsi ikitərəfli münasibətlərə mənfi təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir. Belə bir şəraitdə Azərbaycanın öz milli maraqlarını və suverenliyini qorumaqla yanaşı, beynəlxalq hüquqa əsaslanan mövqeyini daha geniş müstəvidə ifadə etməsi, diplomatik imkanlarını səfərbər etməsi və informasiya müstəvisində fəallığını artırması mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti öz milli maraqlarını qorumağa, xarici təzyiqlərə qarşı adekvat cavab verməyə və suverenliyini qətiyyətlə müdafiə etməyə tam qadirdir:

“Son illərin təcrübəsi göstərir ki, Azərbaycana qarşı yönəlmiş qərəzli siyasi qərarlar, əsassız ittihamlar və ikili standartlar cavabsız qalmır və rəsmi Bakı hər dəfə beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirir. Son dövrlərdə Fransanın Azərbaycana münasibətdə sərgilədiyi qərəzli yanaşma, ayrı-ayrı rəsmilərin təhqiramiz bəyanatları və ölkəmizə qarşı fəaliyyət göstərən müəyyən dairələrə münasibətdə nümayiş etdirdiyi ikili standartlar ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb. Xüsusilə, iyulun 30-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində Azərbaycan məhkəməsinin çıxardığı hökmü şübhə altına alan bəyanatı ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilə bilər. Halbuki Martin Rayanın törətdiyi cinayət əməlləri məhkəmə istintaqı zamanı sübuta yetirilib və ona Azərbaycan qanunvericiliyinə uyğun olaraq hökm çıxarılıb. Bu baxımdan, hər hansı dövlətin müstəqil məhkəmə qərarına siyasi don geyindirməsi nə beynəlxalq hüququn prinsiplərinə, nə də dövlətlərin suverenliyinə hörmət anlayışına uyğun gəlir”.

Onun sözlərinə görə, Azərbaycan Fransanın bu cür addımlarına emosional deyil, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə əsaslanan praqmatik siyasətlə cavab verməlidir:

“İlk növbədə, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində Fransanın ikili standartlarını faktlarla gündəmə gətirmək, ölkəmizə qarşı qərəzli yanaşmaların mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq vacibdir. Diplomatik kanallar vasitəsilə Azərbaycanın hüquqi mövqeyi daha fəal şəkildə müdafiə olunmalı, dezinformasiya kampaniyalarına operativ və əsaslandırılmış cavablar verilməlidir.

Bununla yanaşı, informasiya diplomatiyasının imkanlarından daha geniş istifadə edilməsinə ciddi ehtiyac var. Xarici media məkanında Azərbaycanın mövqeyini peşəkar şəkildə təqdim edən platformaların fəaliyyətinin genişləndirilməsi, beynəlxalq ekspert şəbəkələri ilə əməkdaşlığın gücləndirilməsi və rəqəmsal diplomatiyanın imkanlarından daha səmərəli istifadə olunması mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, Fransa da daxil olmaqla Avropa ölkələrində Azərbaycan diasporunun təşkilatlanmasının gücləndirilməsi, lobbiçilik fəaliyyətinin genişləndirilməsi və akademik, media və ictimai dairələrlə əlaqələrin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Müasir beynəlxalq münasibətlər sistemində yalnız rəsmi diplomatiya deyil, ictimai diplomatiya və “yumşaq güc” alətləri də dövlətlərin milli maraqlarının müdafiəsində mühüm rol oynayır”.

//Gülnarə Abasova, Editor.az