Putinə qarşı oliqarx qiyamı – Rusiyanın ən varlı iş adamlarından biri…backend

Putinə qarşı oliqarx qiyamı – Rusiyanın ən varlı iş adamlarından biri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlə qarşı narazılıq, yoxsa Qərbdən tam üz döndərən biznes elitasının yeni mövqeyi?

Rusiyanın ən zəngin sahibkarlarından biri Andrey Melnıçenkonun “The Economist” jurnalında dərc olunan məqaləsi və geniş müsahibəsi Rusiyada yalnız iqtisadi dairələrdə deyil, siyasi çevrələrdə də diqqət çəkib.

Bu barədə “SP” geniş yazı dərc edib. 

На фото: российский предприниматель, меценат Андрей Мельниченко

Qeyd olunur ki, Melnıçenko Rusiyanın ən varlı iş adamlarından biridir, lakin uzun müddət ictimai-siyasi müzakirələrdə fəal iştirak etməyib. Buna görə onun indi belə geniş siyasi və strateji məzmunlu məqalə ilə çıxış etməsi diqqət çəkir: “Məhz bu səbəndən əsas sual ortaya çıxır: Rusiya oliqarxları artıq Vladimir Putinin siyasətindən narazıdırlar və hakimiyyət dəyişikliyi barədə düşünürlərmi? İlk baxışdan belə bir ehtimalı irəli sürmək mümkündür. Çünki Melnıçenko öz məqaləsində Rusiyanın daxili vəziyyətinə, gələcək inkişaf modelinə və böyük biznesin ölkənin gələcəyində roluna toxunur. “The Economist” də onun mövqeyində Rusiya elitasının Putin hakimiyyətindən narazılığının əlamətlərini axtarır və bunu mümkün siyasi dəyişikliklərlə əlaqələndirir. Lakin mətnin özündə Putinin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı konkret çağırış yoxdur. Melnıçenko nə Putin hakimiyyətinin sona çatmasını tələb edir, nə də Rusiyada hakimiyyət dəyişikliyi üçün siyasi proqram təqdim edir. Əksinə, onun əsas mesajı Rusiyanın gələcəyinin xaricdən müəyyənləşdirilməsinin yolverilməzliyi ilə bağlıdır. Ölkənin siyasi gələcəyi Rusiyanın öz daxilində həll edilməli, dövlətin inkişaf istiqaməti isə geniş daxili müzakirə nəticəsində müəyyənləşdirilməlidir. Bu baxımdan Melnıçenkonun çıxışını “Putin getsin” çağırışından daha çox “Rusiya bundan sonra necə yaşamalıdır?” sualına verilən cavab axtarışı kimi qiymətləndirmək mümkündür.

Владимир Путин: Мы будем и дальше добиваться поставленных целей и идти  только вперёд ради наших детей и внуков, ради нашей великой России

Burada Melnıçenkonun şəxsi dünyagörüşündə baş verən dəyişiklik xüsusi əhəmiyyət daşıyır. O, uzun müddət qlobal iqtisadi sistemin daxilində fəaliyyət göstərən, Rusiya biznesinin dünya bazarlarına və Qərb institutlarına inteqrasiyasını təbii və effektiv model hesab edən sahibkarlar nəslinin nümayəndəsi olub. Lakin son illərdə tətbiq olunan sanksiyalar və Rusiya kapitalına qarşı məhdudiyyətlər bu yanaşmanın zəif tərəflərini üzə çıxarıb”.

Bildirilır ki, Melnıçenkonun gəldiyi nəticəyə görə, qlobal iqtisadi sistem siyasətdən kənar və neytral mexanizm deyil. Aktivlər dondurula, mülkiyyət hüquqları siyasi qərarlarla məhdudlaşdırıla, beynəlxalq biznesin təhlükəsizliyi isə Qərb institutlarına güvənməklə avtomatik təmin olunmaya bilər. Bu, Rusiya biznes elitası üçün yalnız iqtisadi deyil, həm də siyasi dərsdir:“Məhz bu nöqtədə Melnıçenkonun mesajının Putinə qarşı oliqarx qiyamından daha fərqli məzmun daşıdığı görünür. O, böyük biznes üçün güclü dövlətin əhəmiyyətini ön plana çəkir. Onun yanaşmasına görə, nə qədər mürəkkəb hüquqi mexanizmlər və xarici yurisdiksiyalar yaradılsa da, biznesin və investisiyaların ən etibarlı müdafiəsi nəticə etibarilə güclü dövlətdir. Bu yanaşma “oliqarxlar Kremlə qarşı birləşir” tezisini zəiflədən mühüm məqamdır. Əksinə, burada başqa bir proses görünür: Qərbin Rusiyaya qarşı sanksiya siyasəti ölkənin böyük biznesinin bir hissəsini yenidən Rusiya dövlətinə yaxınlaşdırıb. Bir vaxtlar öz gələcəyini London, Avropa bankları, Qərb hüquq sistemi və beynəlxalq maliyyə institutları ilə bağlayan kapital üçün həmin platformalar artıq əvvəlki qədər təhlükəsiz görünmür. Nəticədə biznesin dövlətə ehtiyacı artır. Lakin bu, böyük biznesin dövlət siyasətindən və Putinin idarəçilik modelindən heç bir narazılığının olmadığı anlamına da gəlmir. Melnıçenkonun mətnində Rusiyanın daxili inkişafı ilə bağlı ciddi narahatlıq hiss olunur. O, ölkənin daxili disbalanslarından danışır, insanların daha təhlükəsiz, rahat, sabit və rifahlı həyat sürməsi, özlərini reallaşdıra bilməsi üçün şərait yaradılmasının vacibliyini vurğulayır”.

Picture background

Rusiya böyük biznesi üçün məsələ yalnız dövlətin güclü olub-olmaması deyil. Əsas sual bu gücün hansı sosial və iqtisadi nəticəni yaratmasıdır. Başqa sözlə, söhbət təkcə hakimiyyətin kimdə qalmasından yox, ölkənin hansı model üzrə inkişaf etməsindən gedir: “Melnıçenkonun çıxışının ən mühüm tərəfi də burada üzə çıxır. Rusiyanın böyük biznesi ilə dövlət arasında əvvəlki münasibət modeli artıq dəyişmək məcburiyyətindədir. 1990-cı və 2000-ci illərin modelində biznesin əsas məqsədi qlobal iqtisadi sistemə inteqrasiya olmaq, kapitalı beynəlxalq bazarlara çıxarmaq və Qərb institutlarından istifadə etmək idi. İndi isə həmin model ciddi şəkildə sarsılıb.

Bu baxımdan Melnıçenkonun mövqeyi Rusiya biznes elitasının yeni reallığa uyğunlaşmasını göstərir. Əgər əvvəl əsas formula “Qərb, qlobal kapital və Rusiyada biznes” idisə, indi daha çox “Rusiya dövləti, suverenlik, milli biznes və daxili inkişaf” modeli önə çıxır. Bu modeldə oliqarx dövlətlə rəqabət aparmır, əksinə, öz təhlükəsizliyini və gələcəyini dövlətin gücü ilə əlaqələndirir. Lakin bunun qarşılığında dövlət qarşısında yeni tələblər də yarana bilər: iqtisadi sabitlik, mülkiyyətin qorunması, sosial ədalət, daha proqnozlaşdırılan mühit və biznesin ölkənin inkişaf strategiyasına real təsir imkanları. Melnıçenko böyük biznesin ölkənin gələcəyinin formalaşmasında rolunu da məhz bu kontekstdə təqdim edir. Onun yanaşmasına görə, sahibkarların rolu “kimin hakimiyyətdə olması” məsələsindən daha çox “nəyin qurulacağı” məsələsindədir.

Bu, oliqarxların siyasi hakimiyyət uğrunda mübarizəyə başlaması demək deyil. Amma onların dövlət siyasətinə münasibətinin dəyişdiyini göstərir. Böyük kapital artıq yalnız hakimiyyətin qərarlarını gözləyən iqtisadi təbəqə olmaq istəmir; ölkənin gələcək inkişafında öz rolunu da görmək istəyir” .

“SP” yazır ki, Melnıçenkonun mesajının əsas siyasi çəkisi Putini devirmək çağırışında deyil. Əsas məsələ Rusiyanın böyük biznesinin artıq əvvəlki kimi yaşamaq istəməməsidir. Əgər bu proses genişlənərsə, gələcəkdə Rusiyada əsas mübarizə hakimiyyətin kimə məxsus olması ətrafında deyil, dövlət, böyük kapital və cəmiyyət arasında yeni münasibətlər sisteminin necə qurulacağı ətrafında gedə bilər. Və məhz bu baxımdan Melnıçenkonun çıxışı Rusiyada mümkün “oliqarx qiyamından” daha ciddi bir prosesin – elitanın öz gələcəyi barədə düşüncəsinin dəyişməsinin – ilk açıq siqnallarından biri kimi qiymətləndirilə bilər.

Musavat.com