Bakıda fəaliyyət göstərən estetik mərkəzlərdən biri ilə bağlı ciddi iddialar səsləndirilib. Paytaxt sakini İnci Məmmədova sosial şəbəkədə gördüyü reklam əsasında müraciət etdiyi estetik mərkəzdə uğursuz əməliyyatın qurbanı olduğunu bildirib.
Musavat.com-a şikayət edən zərərçəkmiş qeyd edib ki, bu il iyunun 17-də TikTok platformasında tanınmış blogerlərin reklamlarını gördükdən sonra “28 May” metrostansiyasının yaxınlığında yerləşən “Billur Estetik” mərkəzinə üz tutub. Onun sözlərinə görə, burada özünü mütəxəssis kimi təqdim edən Gülbadi Abdullayeva tərəfindən üz nahiyəsində temporal liftinq əməliyyatı aparılıb.
İnci Məmmədova iddia edir ki, əməliyyatdan dərhal sonra vəziyyəti pisləşib. O, şiddətli ağrılar və qanaxmaların başladığını, hazırda isə ağzının sağ tərəfini tam hiss etmədiyini bildirib. Zərərçəkmişin sözlərinə görə, əməliyyat zamanı üz sinirləri zədələnib.
Onun iddiasına əsasən, yaranan problemlərlə bağlı yenidən klinikaya müraciət etsə də, ona hər şeyin normal olduğu bildirilib və şikayətləri ciddi qəbul edilməyib. Ağrıların dözülməz həddə çatdığını deyən İnci Məmmədova daha sonra Sabunçu Tibb Mərkəzinə müraciət edib. Burada aparılan ilkin baxış zamanı yaranın düzgün tikilmədiyi, kəsik nahiyəsindən qan və ifrazat gəldiyi müəyyən olunub.
Zərərçəkmiş onu da bildirir ki, əməliyyatdan sonra araşdırma apararkən öyrənib ki, əməliyyatı icra edən Gülbadi Abdullayevanın tibbi təhsili, diplomu və ya cərrahi fəaliyyət göstərmək üçün rəsmi icazəsi yoxdur. İ.Məmmədova həmin şəxsin əsl peşəsinin saç ustası olduğunu iddia edir.
Zərərçəkmiş bildirir ki, hadisədən sonra nə əməliyyatı həyata keçirən şəxs, nə də klinika rəhbərliyi onun vəziyyəti ilə maraqlanıb. Onun sözlərinə görə, edilən zənglərə əsasən köməkçilər cavab verir və məsuliyyətdən yayınmağa çalışırlar.
Hazırda həm fiziki, həm də psixoloji cəhətdən ağır vəziyyətdə olduğunu bildirən İnci Məmmədova aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin araşdırılmasını, məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edir.
Qeyd edək ki, məsələ ilə bağlı klinika və həkimlə əlaqə saxlamaq istəsək də, zənglərə cavab verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Onu da bildirək ki, “Dr. Gülü” adı ilə tanınan Gülbadi Abdullayeva bundan əvvəl də sosial şəbəkələrdə mübahisəli paylaşımları ilə gündəmə gəlib. Özünü estetik mütəxəssis kimi təqdim edən şəxs xüsusilə əməliyyat otağında çəkilmiş videoları və rəqs görüntüləri ilə geniş müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunan həmin görüntülərdən sonra onun peşə fəaliyyəti ilə bağlı müxtəlif suallar ortaya çıxmışdı. Son hadisə isə bu müzakirələri yenidən alovlandırıb və estetik müdaxilələr həyata keçirən şəxslərin peşə hazırlığı, tibbi təhsili və fəaliyyətinə nəzarət məsələsini gündəmə gətirib.


