İndoneziyada təxminən üç il əvvəl itkin düşən kişinin meşədə təkbaşına sağ qaldığı məlum olub. O, yerli sakinlər tərəfindən təsadüfən aşkarlanaraq xilas edilib.
Editor.az xarici KİV-in məlumatına istinadla xəbər verir ki, hadisə İndoneziyada baş verib. Ayi Solekhudin adlı şəxs güclü yağışlardan sonra çay yatağını yoxlayan yerli sakinlər tərəfindən tapılıb.
Şahidlərin sözlərinə görə, onlar mamır basmış qayanın üzərində son dərəcə zəifləmiş vəziyyətdə olan bir kişini görüblər. Bildirilir ki, o, çaşqın görünür, danışmaqda çətinlik çəkir və demək olar ki, hərəkət edə bilmirdi.
Hadisə yerinə cəlb olunan xilasedicilər kişini xərək vasitəsilə meşədən çıxarıb və şəxsiyyətinin müəyyənləşdirilməsi üçün polis bölməsinə aparıblar. Daha sonra onun yaxınları tapılan şəxsin təxminən üç il əvvəl itkin düşən ailə üzvləri olduğunu təsdiqləyiblər.
Ailəsinin verdiyi məlumata görə, Ayi Solekhudin psixi sağlamlıq problemlərindən əziyyət çəkirdi və tez-tez təkbaşına meşəyə gedirdi. Növbəti belə səfərlərdən birində isə o, evə geri qayıtmayıb.
Yaxınları uzun müddət ərzində dəfələrlə axtarışlar aparıb, müxtəlif ərazilərdə onun görüldüyünə dair məlumatlar əldə etsələr də, hər dəfə hadisə yerinə çatana qədər kişi yenidən meşənin dərinliklərinə çəkilib.
Onun meşədə dəqiq nə qədər müddət yaşadığı tam müəyyənləşdirilməsə də, ehtimal olunur ki, bu müddət təxminən üç il olub.
Hazırda Ayi Solekhudin həkim nəzarəti altındadır və reabilitasiya prosesi keçir.
//Gülnarə Abasova, Editor.az


