Dünyanın ən gur səsli insanı müəyyən edilibbackend

Dünyanın ən gur səsli insanı müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyalı Cozef MakQreyl-Beyts dünyanın ən gur səsli insanı kimi Ginnesin Rekordlar Kitabına düşüb. 58 yaşlı Kanberra sakini “indi” sözünü 122,4 desibel gücündə qışqıraraq dünya rekordu müəyyənləşdirib. Bu göstərici işləyən zəncirli mişarın, yaxın məsafədə səslənən təcili yardım siqnalının və ya havaya qalxan reaktiv təyyarənin yaratdığı səs səviyyəsinə bərabər hesab olunur.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, yeni rekord 1994-cü ildə Şimali İrlandiya sakini Annaliza Flanaqanın müəyyən etdiyi 121,7 desibellik əvvəlki nəticəni geridə qoyub. MakQreyl-Beyts bildirib ki, qadınlar arasında ən gur səs sahibi titulunun Flanaqanda qalmasından məmnundur, özü isə kişilər arasında yeni rekordçu olub.

Avstraliyalı rekordçu qeyd edib ki, rekord cəhdindən əvvəl xüsusi hazırlıq keçməyib. Nəticəni əldə etmək üçün yeddi dəfə cəhd göstərib və bundan sonra səsi bir neçə gün ərzində xırıltılı qalıb.

Rekord bu il mayın 2-də Kanberradakı radio studiyalarından birində qeydə alınıb. Səs peşəkar səs mühəndisi tərəfindən şahidlərin iştirakı ilə yazılıb, daha sonra sənədlər Ginnesin Rekordlar Kitabına təqdim olunub və nailiyyət rəsmi şəkildə təsdiqlənib.

MakQreyl-Beyts peşəkar olaraq kondisioner təmizləyicisi kimi çalışsa da, Avstraliyada Kanberranın rəsmi şəhər carçısı kimi də tanınır. O, bu fəxri vəzifəni 2017-ci ildən daşıyır və mütəmadi olaraq ictimai tədbirlərdə, məktəb bayramlarında və festivallarda çıxış edir.

Bu, avstraliyalının ikinci dünya rekordudur. O, 2019-cu ildə oxatma üzrə sürət rekorduna imza ataraq 10 oxu 60,03 saniyəyə atmışdı. Həmin rekord sonradan yeddi yaşlı uşaq tərəfindən yenilənsə də, MakQreyl-Beyts rekordların qırılmaq üçün mövcud olduğunu vurğulayaraq buna normal yanaşdığını bildirib.

//Gülnarə Abasova, Editor.az