Rusiya-Ermənistan gərginliyi artır: Paşinyana təzyiq mesajları nədən xəbər verir?backend

Rusiya-Ermənistan gərginliyi artır: Paşinyana təzyiq mesajları nədən xəbər verir?  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ermənistan münasibətlərində son aylarda müşahidə olunan gərginlik fonunda Moskvanın İrəvana ünvanladığı mesajlar diqqət mərkəzində qalmaqdadır. Xüsusilə Ermənistanın Qərblə əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımlar Rusiyanın siyasi dairələrində narahatlıq yaradıb. Bu fonda rusiyalı ictimai-siyasi fiqurların və media nümayəndələrinin səsləndirdiyi sərt bəyanatlar iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Oqtay Qasımov Rusiyanın son açıqlamalarının mahiyyətini və mümkün hədəflərini şərh edib.

Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın son iki ay ərzində Ermənistanla bağlı verdiyi mesaj və bəyanatların mahiyyəti aydındır.

Onun sözlərinə görə, bunun əsas səbəbi Rusiyanın Ermənistanın Qərbə inteqrasiya istiqamətində apardığı siyasətdən narahat olmasıdır:

“Rusiya Paşinyan hakimiyyətinə təzyiq göstərmək üçün müxtəlif vasitələrdən istifadə edir və bütün bunları təzyiq alətləri kimi qiymətləndirmək lazımdır. Ermənistanla bağlı sərt bəyanatlar səsləndirən təkcə Marqarita Simonyan və digər media nümayəndələri deyil. Zaman-zaman rəsmi şəxslər tərəfindən də oxşar açıqlamaların şahidi oluruq.

Hesab edirəm ki, Marqarita Simonyanın son açıqlamaları da növbəti təzyiq xarakterli bəyanatlardan biridir. Ermənistanda seçkilər keçirilib, proses başa çatıb, Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri elan edib və dünyanın əksər ölkələri bu seçkilərin legitimliyini tanıyıb. Bu baxımdan Rusiyanın proseslərə təsir göstərmək cəhdlərinin ciddi nəticə verəcəyini düşünmürəm.

Bu açıqlamalar daha çox Ermənistan hakimiyyətini Rusiyanın maraqlarını nəzərə almağa sövq etmək məqsədi daşıyır. Görünən odur ki, bütün gərginliyə baxmayaraq, Rusiya hakimiyyəti sonda Paşinyan hökuməti ilə əməkdaşlığı davam etdirəcək. Hazırda tətbiq olunan təzyiqlər isə Ermənistanı müəyyən güzəştlərə məcbur etmək və Rusiyanın bəzi istəklərinin qəbuluna nail olmaq məqsədi daşıyır.

Marqarita Simonyanın açıqlamalarına xüsusi əhəmiyyət vermirəm. O, rəsmi şəxs deyil. Hətta Rusiya rəsmilərinin bu məzmunda bəyanatları da Ermənistan tərəfindən cavablandırılıb. Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyanın müəyyən maraqlarını nəzərə almağa, digər tərəfdən isə Qərblə münasibətləri inkişaf etdirməyə çalışır. O, mümkün qədər Rusiya ilə münasibətlərin ciddi şəkildə korlanmamasına səy göstərir və eyni zamanda Qərblə əməkdaşlığın genişləndirilməsi kursunu davam etdirir”.

//Gülnarə Abasova, Editor.az