ABŞ hökuməti “Titanik” gəmisinin qalıqlarından əldə edilən 100-dən çox tarixi əşyanın hərraca çıxarılmasına etiraz edib.
Editor.az xəbər verir ki, bu barədə Associated Press (AP) məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, satışa çıxarılması planlaşdırılan eksponatlar arasında sərnişinlərə məxsus şəxsi əşyalar, məişət avadanlıqları, interyer dekorasiyası nümunələri və müxtəlif pul nişanları yer alır. ABŞ rəsmiləri hesab edir ki, bu əşyaların kommersiya məqsədilə satılması daha əvvəl əldə olunmuş razılaşmaların pozulması deməkdir. Həmin razılaşmaya əsasən, tapıntılar yalnız muzey ekspozisiyalarında nümayiş etdirilməli idi.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) da bildirib ki, “Titanik”dən çıxarılan artefaktların satışa çıxarılması şirkətin Atlantik okeanındakı gəmi qəzası sahəsi ilə bağlı üzərinə götürdüyü hüquqi öhdəliklərə ziddir.
1912-ci ildə Şimali Atlantikdə batan məşhur “Titanik” gəmisinin qalıqlarını araşdırmaq hüququna malik olan RMS Titanic Inc. şirkəti illər ərzində ekspedisiya və tədqiqat xərclərini qarşılamaq məqsədilə kolleksiyanın bir hissəsini satmağa bir neçə dəfə cəhd edib. Lakin bu təşəbbüslər məhkəmələr və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar tərəfindən dəfələrlə dayandırılıb.
Mütəxəssislər qeyd edirlər ki, “Titanik”dən əldə olunan artefaktlar təkcə maddi deyil, həm də böyük tarixi və mədəni dəyərə malikdir. Buna görə də onların şəxsi kolleksiyalara satılması deyil, ictimaiyyət üçün qorunaraq sərgilənməsi daha məqsədəuyğun hesab olunur.
//Gülnarə Abasova, Editor.az


