ABŞ-li psixoloqların apardığı yeni araşdırma depressiyanın bəzi simptomlarının digər əlamətləri də tetikleyərək xəstəliyin inkişafında əsas rol oynadığını ortaya çıxarıb.
Editor.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri nüfuzlu British Journal of Psychology jurnalında dərc olunub.
Araşdırmada ABŞ-ın William & Mary Kollecində təhsil alan 363 tələbə iştirak edib. Təxminən 19 yaşlı iştirakçılar 28 gün ərzində hər səhər əvvəlki gün yaşadıqları depressiya əlamətləri ilə bağlı sorğuları cavablandırıblar.
Məlum olub ki, yuxu pozğunluğu, kədərli əhval-ruhiyyə və diqqət toplamaqda çətinlik kimi simptomlar növbəti gün bir sıra digər depressiya əlamətlərinin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır. Alimlər bu əlamətləri depressiv epizodun başlanmasına səbəb olan əsas “qapılar” kimi qiymətləndiriblər.
Tədqiqat həmçinin göstərib ki, eyni gündə müşahidə olunan simptomlar arasında kədər, yorğunluq və anhedoniya (əvvəllər zövq verən fəaliyyətlərdən həzz ala bilməmək) mərkəzi rol oynayır. Mütəxəssislərin fikrincə, məhz bu əlamətlərlə mübarizə depressiyanın qarşısının alınması və müalicəsində daha effektiv nəticələr verə bilər.
Araşdırma müəllifləri bildiriblər ki, əldə olunan nəticələr depressiya simptomlarının bir-biri ilə mürəkkəb əlaqəsini daha yaxşı anlamağa imkan verir və gələcək müalicə strategiyalarının hazırlanmasına töhfə verə bilər.
//Gülnarə Abasova, Editor.az


