Aydın Quliyev: İsrailin mövqeyi ABŞ-İran razılaşmasını təhlükə altına salırbackend

Aydın Quliyev: İsrailin mövqeyi ABŞ-İran razılaşmasını təhlükə altına salır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma regionda yeni siyasi reallıqların formalaşmasına səbəb olub. Beynəlxalq ictimaiyyət sənədi gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirsə də, İsrail rəhbərliyinin sərgilədiyi mövqe prosesin gələcək perspektivləri ilə bağlı sualları artırır. Ekspertlər hesab edirlər ki, Təl-Əvivin razılaşmaya yanaşması atəşkəsin dayanıqlılığına və mümkün yekun sülh sazişinin taleyinə birbaşa təsir göstərə bilər.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, İsrailin ABŞ-İran sülh razılaşmasına münasibətdə mövcud mövqeyi təhlükəli və dağıdıcı xarakter daşıyır:

“Çünki Trampın da, İranın da hazırkı şəraitdə hansısa formada razılaşmaya imza atmasına ehtiyac var. Trampın həm daxili, həm də xarici siyasətlə bağlı maraqları bu müharibənin müəyyən müddət üçün yekunlaşdırılmasını tələb edir.

İran isə, təbii ki, ağır müharibə şəraitindən çıxdığı üçün müəyyən dövr ərzində dinc nəfəs almağa ehtiyac duyur. Ən azı, itkilərin bərpası və zəifləyən istiqamətlərdə fəaliyyətin gücləndirilməsi üçün Tehranın fasiləyə ehtiyacı var.

Lakin təəssüf ki, İsrailin maraqları ABŞ və İranın sülh və atəşkəs maraqları ilə üst-üstə düşmür. Hazırkı mərhələdə İsrail bəzi niyyətlərini açıq şəkildə ifadə edir, bəzi məsələlərdə isə ehtiyatlı davranır. Açıq şəkildə bəyan olunan məqam ondan ibarətdir ki, Təl-Əviv Livanla bağlı atəşkəs razılaşmasının şərtlərini tam şəkildə qəbul etmək istəmir və bu razılaşmanın Livanı da əhatə etməsi İsrailin maraqlarına uyğun deyil.

Son olaraq İsrail hökuməti və Baş nazir Benyamin Netanyahu Livanda atəşkəsə razılıq versələr də, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını qəti şəkildə rədd edirlər. Hətta Netanyahu hər hansı razılaşmadan asılı olmayaraq İsrail hərbi qüvvələrinin Cənubi Livandan, Suriyadan və Qəzzadan çıxarılmayacağını birmənalı şəkildə bəyan edir.

Əlbəttə ki, İsrailin bu radikal mövqeyi ABŞ-İran sülh razılaşmasını ciddi təhlükə altına salır. Hətta böyük ehtimalla, əldə olunan atəşkəsin növbəti 60 gün ərzində qüvvədə qalacağı ilə bağlı proqnozlar da zəifləyir. Çünki İsrailin tutduğu xətt hətta 60 günlük atəşkəs razılaşmasının belə reallaşmasını çətinləşdirir”.

Politoloqun sözlərinə görə, hazırda İsrailin əsas məqsədi özünü ABŞ-İran qarşıdurmasından kənarda saxlamaq və Livandakı mövcud fəaliyyətini davam etdirməkdir:

“Açıq görünür ki, İsrail mümkün qədər çox Livan ərazisini nəzarətdə saxlamağa və Hizbullahın fəaliyyət göstərdiyi Cənubi Livanı daha uzun müddət öz təsiri altında tutmağa çalışır. Şübhəsiz ki, İsrailin Cənubi Livanla bağlı planları İranı ciddi şəkildə narahat edir və məhz bu amil Tehranın sülh razılaşmasına uzun müddət sadiq qalması ehtimalını zəiflədir.

Çünki İran israr edir ki, razılaşma Livanı da əhatə etməli, atəşkəs Livan istiqamətində də tətbiq olunmalı və İsrail qoşunları bu ölkənin ərazisindən çıxmalıdır. Əgər bu şərtlər yerinə yetirilməzsə, İranın da atəşkəsə sona qədər əməl edəcəyinə dair inam azalır.

Beləliklə, İsrailin hazırda həyata keçirdiyi siyasət ABŞ-İran razılaşmasının uzunmüddətli olacağına dair ciddi şübhələr yaradır. Eyni zamanda, Təl-Əvivin sərt və iddialı mövqeyi mövcud atəşkəsin gələcəkdə daha dayanıqlı və uzunmüddətli ABŞ-İran sazişinə çevrilməsi ehtimalını minimuma endirir”.

//Gülnarə Abasova, Editor.az