İpek Tenolcay “Kurtlar Vadisi” dövründən danışdı: “İllərlə dayanacaq pulu ödəmədim”
“Kurtlar Vadisi” serialında Nesrin obrazını canlandıran türkiyəli aktrisa İpek Tenolcay illər sonra serialın yaratdığı böyük təsirdən danışıb.
Aktrisa İlker Koçun təqdim etdiyi “BireBir” proqramının qonağı olaraq karyerası və rol aldığı layihələrlə bağlı açıqlamalar verib. Tenolcay xüsusilə “Kurtlar Vadisi”ndə canlandırdığı Nesrin obrazının ona qazandırdığı məşhurluqdan bəhs edib.
Onun sözlərinə görə, serialın yayımlandığı dövrdə insanlar onu çox vaxt öz adı ilə deyil, obrazın adı ilə tanıyırdılar. Aktrisa gündəlik həyatda bununla bağlı maraqlı hadisələr yaşadığını bildirib.
“İllərlə mən dayanacaq pulu ödəmədim. Gedirdim, deyirdilər: ‘Xoş gəlmisən, Nesrin Yengə.’ Çıxanda pulu uzadırdım, deyirdilər: ‘Qətiyyən olmaz, yengə. Çakır ağaya salam apar'”, – deyə Tenolcay bildirib.
Aktrisa qeyd edib ki, bu cür hadisələr təkcə bir dəfə baş verməyib və uzun müddət davam edib. O, insanların serial qəhrəmanları ilə güclü emosional bağ qurduğunu vurğulayıb.
Tenolcayın sözlərinə görə, “Kurtlar Vadisi” yayımlandığı illərdə böyük tamaşaçı auditoriyasına malik idi. Aktrisa həmin dövrü xatırlayaraq serialın yayımlandığı günlərdə küçələrin belə boş qaldığını bildirib.
Onun açıqlamaları bir daha “Kurtlar Vadisi”nin Türkiyə televiziya tarixindəki xüsusi yerini və cəmiyyət üzərində yaratdığı təsiri gündəmə gətirib.//Demokrat.az



