Avstriyanın paytaxtı Vyanada keçirilən ATƏT-in “İşgəncə və pis rəftarın qarşısının alınması – əməkdaşlığın və icranın gücləndirilməsi” adlı əlavə insan ölçüsü toplantısı davam edir. 29-30 İyun tarixlərində təşkil olunan mötəbər tədbirə ATƏT-ə üzv 57 ölkədən diplomatlar, hüquq müdafiəçiləri, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Bu gün, 30 İyun 2026-cı il tarixində keçirilən “Təlim, monitorinq və gücləndirilmiş nəzarət vasitəsilə işgəncənin qarşısının alınması” adlı ikinci panel sessiyasında rəqəmsal təhlükəsizlik, süni intellekt və dezinformasiya məsələləri müzakirə olunub.
Paneldə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov özündən əvvəl çıxış edən erməni nümayəndənin Azərbaycanın ünvanına səsləndirdiyi ittihamları tamamilə əsassız adlandırıb. Əhməd Şahidov bildirib ki, hazırda Azərbaycanda həbsdə olan erməni əsilli şəxslər vicdan məhbusu deyil, Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş ağır cinayətlərə görə məhkəmə qarşısına çıxarılıblar.
Əhməd Şahidov vurğulayıb ki, onların bütün hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlara uyğun şəkildə təmin olunur, hüquqi müdafiə ilə təmin edilirlər, zərurət olduqda tibbi yardım alırlar və ailə üzvləri ilə mütəmadi telefon əlaqəsi saxlayırlar.
Daha sonra çıxışını əsas mövzu üzrə davam etdirən Əhməd Şahidov işgəncələrin qarşısının alınmasının yalnız qanunvericiliklə deyil, peşəkar hazırlıq, müstəqil monitorinq, effektiv nəzarət və hesabatlılıq mexanizmləri ilə mümkün olduğunu bildirib. O xatırladıb ki, bir neçə gün əvvəl qeyd olunan BMT-nin İşgəncə Qurbanlarına Dəstək Beynəlxalq Günü beynəlxalq ictimaiyyətə bu istiqamətdə daha fəal əməkdaşlığın vacibliyini bir daha xatırladır.
Çıxışında Cammu və Kəşmirdə insan hüquqlarının vəziyyətinə də toxunan Əhməd Şahidov bildirib ki, BMT-nin insan hüquqları mexanizmləri, beynəlxalq hüquq müdafiə təşkilatları və nüfuzlu media qurumlarının hesabatlarında Hindistan təhlükəsizlik qüvvələri tərəfindən işgəncə, özbaşına həbslər, həddindən artıq güc tətbiqi və digər ciddi hüquq pozuntuları ilə bağlı çoxsaylı iddialar yer alıb. O qeyd edib ki, bu iddiaların müstəqil, qərəzsiz və şəffaf şəkildə araşdırılması beynəlxalq hüququn tələbidir və hesabatlılığın təmin olunması üçün zəruridir.
Əhməd Şahidov çıxışının sonunda vurğulayıb ki, insan hüquqları pozuntuları coğrafiya ilə məhdudlaşmır və ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyası da bunu təsdiqləyir. Onun sözlərinə görə, insan hüquqlarının pozulması regional sabitliyi pozur, miqrasiya və qaçqın axınlarını gücləndirir, beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərir. Şahidov beynəlxalq ictimaiyyəti işgəncələrin qarşısının alınması üçün peşəkar hazırlığın, müstəqil monitorinqin və effektiv nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə səyləri artırmağa çağırıb.


