Ermənistanda gərginlik pik həddə: Paşinyana sui-qəsd iddiaları nə vəd edir?backend

Ermənistanda gərginlik pik həddə: Paşinyana sui-qəsd iddiaları nə vəd edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlanması ilə bağlı yayılan məlumatlar regionda təhlükəsizlik müzakirələrini yenidən aktuallaşdırıb. Xüsusilə Ermənistan–Rusiya münasibətlərində müşahidə olunan gərginlik fonunda bu iddialar müxtəlif siyasi ehtimalların gündəmə gətirilməsinə səbəb olur. Mövcud vəziyyət həm daxili siyasi proseslər, həm də geosiyasi rəqabət kontekstində qiymətləndirilir.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, hazırda Rusiya–Ermənistan münasibətləri sürətlə gərginləşmə istiqamətində inkişaf edir:

 

“Yəqin ki, bu gərginləşmənin növbəti zirvəsini 7 iyun seçki günündə müşahidə edə biləcəyik. İstisna deyil ki, seçki günündə qanuni seçki prosesləri ilə bir araya sığmayan qeyri-siyasi hadisələrin şahidi olaq. İctimaiyyət arasında toqquşmalar mümkündür. Müəyyən fövqəladə hadisələrin baş verəcəyini iyunun 7-də istisna etmək olmaz.

Çünki hazırda Ermənistanın milli istiqlalçı siyasi qüvvələri də, Kreml yönümlü qüvvələr də başa düşürlər ki, bu seçki Ermənistan üçün nə qədər prinsipialdırsa, Rusiya üçün də bir o qədər prinsipialdır. Hər ikisi Ermənistanda 7 iyun seçkilərinə geosiyasi seçim seçkiləri kimi də baxırlar. Yəni iyunun 7-də Ermənistanda sadəcə parlament çoxluğu müəyyənləşməyəcək, həm də Ermənistanın hansı geosiyasəti aparacağı qətiləşəcək.

Təbii ki, burada Rusiya da özünün tale məsələsini görür, Ermənistan və Ermənistanı dəstəkləyən Qərb qüvvələri də özlərinin tale məsələsini görürlər. Ona görə, belə ciddi geosiyasi prinsiplərin toqquşduğu Ermənistanda hər cür hadisələr baş verə bilər. Seçkinin pozulmasına yönəlik hadisələr də ola bilər”.

O bildirib ki, daxildə gedən siyasi proseslərin əsas aparıcı fiquru Paşinyanın əleyhinə sui-qəsdlərin təşkili ehtimalı da istisna edilmir:

“Həm də istisna etməməliyik ki, belə sui-qəsd cəhdləri müxtəlif mənbələrdən təşkil oluna bilər. Bunu Kreml qüvvələri Paşinyanı bir qalibiyyətli fiqur kimi sıradan çıxarmaq məqsədilə də edə bilərlər. Paşinyanı dəstəkləyən daxili və beynəlxalq siyasi qüvvələr isə uğursuz və ya nəticəsiz sui-qəsd cəhdi vasitəsilə Paşinyanın ölkədaxili reytinqini və ona olan Qərb dəstəyini daha da gücləndirmək məqsədilə belə addımlara əl ata bilərlər. Ona görə də Ermənistanda bu seçki ərəfəsində sui-qəsd cəhdlərinin baş verməsi istisna deyil və mən bunu real ehtimal kimi dəyərləndirirəm.

Eyni zamanda, ehtimal olunan sui-qəsd cəhdləri həm Paşinyanı aradan götürməyə yönəlmiş real plan kimi, həm də onun siyasi reytinqini və beynəlxalq dəstəyini artırmağa xidmət edən saxta bayraq əməliyyatı formasında həyata keçirilə bilər. Buna görə də Ermənistanda iyunun 7-si və ondan sonrakı bir neçə gün ölkə tarixinin ən gərgin dövrlərindən biri ola bilər”.

//Gülnarə Abasova, Editor.az