“Hollywood” restoranının Novxanı filialında müştərinin hesabına sifariş etmədiyi məhsulların əlavə olunduğu iddia edilir.
Patrul.az redaksiyasına müraciət edən vətəndaş 11 iyul 2026-cı il tarixində “Hollywood” restoranlar şəbəkəsinin Novxanı filialında yaşadığı hadisə ilə bağlı şikayətini təqdim edib.
Şikayətçinin sözlərinə görə, o, ailəsi ilə birlikdə restoranda şam yeməyi yedikdən sonra onlara 567 manat məbləğində hesab təqdim olunub. Hesab qəbzində sifariş edilən məhsullarla yanaşı, musiqi xidməti üçün də 47 manat əlavə ödəniş əks olunub.
Müştəri bildirib ki, hesabda artıq xidmət haqqı nəzərdə tutulduğu halda, əlavə olaraq musiqi xidməti üçün də ödəniş tələb edilməsinə etiraz edib. Onun sözlərinə görə, restoran əməkdaşları bunu həmin vaxt səhnədə müğənni Vəfa Şərifovanın çıxış etməsi ilə əsaslandırıblar.
Etirazdan sonra hesab yenidən tərtib olunub, musiqi xidməti üçün hesablanmış 47 manat qəbzdən çıxarılıb və müştəriyə 520 manat məbləğində yeni hesab təqdim edilib.
Lakin müştəri qəbzi yenidən yoxlayarkən sifariş vermədiyini bildirdiyi 230 qramlıq “Xırt-xırt badımcan” salatının da hesabda yer aldığını aşkarlayıb. Onun etirazından sonra iki porsiya salat üçün hesablanmış 16 manat da hesabdan silinib və yekun ödəniş məbləği 504 manat təşkil edib.
Şikayətçi bildirib ki, 504 manatlıq hesabı ödəyərək restoranı tərk edib. Lakin evə qayıtdıqdan sonra qəbzi yenidən nəzərdən keçirərkən sifariş vermədiyi 3 porsiya “Assorti pendir” üçün hesablanmış 21 manatın da ödədiyi məbləğə daxil edildiyini müəyyən edib. Onun sözlərinə görə, həmin sifariş restoranda diqqətindən yayınsa da, sonradan qəbzi yoxlayarkən bu məqamı aşkar edib.
Vətəndaş hesab edir ki, təqdim olunan qəbzlərdə sifariş etmədiyi məhsulların hesablanması istehlakçı hüquqlarının pozulmasıdır və bu cür halların digər müştərilərin də başına gələ biləcəyindən narahat olduğunu bildirib.
Müraciətinin sonunda isə o, hadisəni ironik şəkildə belə şərh edib:
“Haqqımıza bu qədər girilməsəydi, indi biz də Ferrari markalı avtomobil sürərdik.”
Yazıda yer alan iddialar şikayətçi tərəfindən Patrul.az redaksiyasına təqdim edilən məlumatlara əsaslanır. Patrul.az jurnalistikanın obyektivlik prinsipini rəhbər tutaraq, məsələyə münasibət bildirmək üçün “Hollywood” restoranlar şəbəkəsinin mövqeyini dərc etməyə hazırdır.


