İsti və boğucu havalarda yuxuya getməkdə çətinlik çəkənlər üçün sadə, lakin effektiv üsullar mövcuddur. Kardioloq Xose Manuel Felises bildirib ki, soyudulmuş yastıq üzü, nəmləndirici krem və düzgün yatış pozası yay gecələrində yuxuya getməyi asanlaşdıra bilər.
Editor.az xəbər verir ki, bu barədə El Confidencial nəşri məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, qeyd olunan üsullar yuxusuzluğun tam həlli olmasa da, orqanizmin yüksək temperatur şəraitinə daha rahat uyğunlaşmasına kömək edir.
Həkim ilk olaraq yastıq üzünün yatmazdan bir neçə saat əvvəl soyuducuda saxlanılmasını tövsiyə edir. Onun fikrincə, sərin parça baş və boyun nahiyəsində xoş sərinlik hissi yaradaraq bədənin rahatlamasını sürətləndirir və yuxuya getmə prosesini asanlaşdırır.
Daha güclü soyutma effekti əldə etmək üçün isə yatmazdan əvvəl bütün bədənə nəmləndirici krem çəkilməsi məsləhət görülür. Krem dəri tərəfindən sorulana qədər buxarlanma prosesi davam edir ki, bu da bədən səthinin temperaturunun azalmasına və daha komfortlu yuxu şəraitinin yaranmasına şərait yaradır.
Felisesin üçüncü tövsiyəsi isə yatış pozası ilə bağlıdır. O, “dəniz ulduzu” adlandırılan pozada – qolları və ayaqları geniş açaraq uzanmağı məsləhət görür. Bu vəziyyət dərinin açıq səthini artırır, tərləmənin buxarlanmasını sürətləndirir və qoltuqaltı ilə qasıq nahiyəsində istiliyin yığılmasının qarşısını alır.
Kardioloqun sözlərinə görə, hər üç üsul orqanizmin təbii soyutma mexanizmlərini aktivləşdirir. Dərinin soyuması beyinə bədən temperaturunun aşağı düşdüyü barədə siqnal göndərir ki, bu da yuxu prosesinin başlamasına kömək edir və isti havalarda yuxuya getməyi nisbətən asanlaşdırır.
//Gülnarə Abasova, Editor.az

