Bəzi təhlükəli xəstəliklər illərlə heç bir əlamət vermədən inkişaf edə bilər. Bu “səssiz” xəstəliklər sırasında birincili hipertoniya, 2-ci tip diabet, lipid mübadiləsinin pozulması (dislipidemiya), osteoporoz və obstruktiv yuxu apnesi sindromu yer alır.
Editor.az xəbər verir ki, “JSC Meditsina” klinikasının terapevti Oksana Serebryakova bildirib ki, 2-ci tip diabet 7-10 il ərzində heç bir nəzərəçarpan simptom olmadan inkişaf edə bilər.
Həkimin sözlərinə görə, birincili hipertoniya uzun müddət açıq əlamətlərlə müşahidə olunmasa da, yüksək qan təzyiqi damarları zədələyir və ürəyə əlavə yük yaradır.
“İnsanlar əksər hallarda bu problemi təsadüfən — rutin müayinələr və ya əməliyyat öncəsi yoxlamalar zamanı aşkarlayırlar. Nəzarətsiz hipertoniya infarkt, insult, ürək və böyrək çatışmazlığı, həmçinin damar mənşəli demensiya riskini artırır. Qan təzyiqinin mütəmadi izlənməsi və vaxtında müalicə bu riskləri əhəmiyyətli dərəcədə azalda bilər”, — deyə həkim vurğulayıb.
Serebryakovanın sözlərinə əsasən, 2-ci tip diabet gizli şəkildə inkişaf etdiyi müddətdə yüksək qan şəkəri damarları, böyrəkləri, göz tor qişasını və sinir sistemini zədələyir. Bu isə korluq, xroniki böyrək çatışmazlığı, ətrafların amputasiyası, infarkt və insult riskini artırır.
“Xəstəlik çox vaxt ilk dəfə qan analizi zamanı təsadüfən aşkarlanır. Buna görə də artıq çəki, oturaq həyat tərzi və ya ailədə diabet tarixçəsi olan şəxslərin qlükoza səviyyəsini mütəmadi yoxlatdırması vacibdir”, — deyə o bildirib.
Həkim qeyd edib ki, digər “səssiz” problemlərdən biri də dislipidemiyadır. Xolesterin və digər qan yağlarının səviyyəsindəki pozğunluqlar uzun müddət heç bir şikayət yaratmır.
“İnsan yalnız ateroskleroz inkişaf edib ürəyin işemik xəstəliyi, insult və ya infarktla nəticələndikdə problemdən xəbər tutur. Bu vəziyyət yalnız biokimyəvi qan analizi ilə müəyyən edilə bilər. Buna görə də 40 yaşdan sonra, risk faktorları olan şəxslərdə isə daha erkən dövrdən lipid profilinin yoxlanılması tövsiyə olunur”, — deyə o əlavə edib.
Osteoporoz da “səssiz” xəstəliklərdən hesab olunur. Sümük toxumasının zəifləməsi və nazilməsi nəticəsində yaranan bu xəstəlik çox vaxt yalnız sınıq baş verdikdən sonra üzə çıxır.
“Xüsusilə bud və onurğa sınıqları yaşlı insanlarda həyat keyfiyyətini ciddi şəkildə pisləşdirir, hətta bir il ərzində ölüm riskini artırır. Sümük sıxlığının ölçülməsi və profilaktik tədbirlər — kalsium, D vitamini və fiziki aktivlik bu riskləri azaltmağa kömək edir”, — deyə həkim bildirib.
Mütəxəssis həmçinin obstruktiv yuxu apnesi sindromunun təhlükəsinə diqqət çəkib. Bu xəstəlik xoruldama, yuxu zamanı nəfəsin qısa müddət dayanması və gündüz yuxululuğu ilə xarakterizə olunur.
“Təkrarlanan oksigen çatışmazlığı və yuxunun pozulması hipertoniya, aritmiya, infarkt, insult və 2-ci tip diabet riskini artırır. Güclü və fasiləli xoruldama, səhər yorğunluğu və diqqət pozğunluğu kimi əlamətlərə diqqət yetirmək vacibdir”, — deyə o izah edib.
Həkimin fikrincə, bu xəstəliklərin əsas təhlükəsi onların illərlə gizli şəkildə inkişaf etməsindədir. Müntəzəm tibbi müayinələr, qan təzyiqi, şəkər və lipid göstəricilərinin nəzarətdə saxlanılması, osteoporoz riskinin qiymətləndirilməsi və yuxu keyfiyyətinə diqqət yetirilməsi “səssiz qatillərin” erkən aşkarlanmasına və ağır fəsadların qarşısının alınmasına kömək edə bilər.
//Gülnarə Abasova, Editor.az

