Mütəxəssislər 40 yaşdan sonra qidalanma vərdişlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar. Endokrinoloq Natalya Tananakinanın sözlərinə görə, bu yaşdan sonra orqanizmdə maddələr mübadiləsi yavaşlayır, əzələ kütləsi azalır, sümük toxumasının itkisi sürətlənir və ürək-damar xəstəlikləri ilə şəkər mübadiləsi pozğunluqlarının riski artır.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Həkim bildirib ki, 25 yaşdakı qidalanma rejimini dəyişmədən davam etdirmək artıq çəki yığılmasına, arterial təzyiq və qan şəkərinin yüksəlməsinə, həmçinin zülal, kalsium, D vitamini və B qrupu vitaminlərinin çatışmazlığına səbəb ola bilər. Bu isə zamanla sümüklərin, əzələlərin, enerji səviyyəsinin və idrak funksiyalarının zəifləməsinə gətirib çıxarır.
Mütəxəssisin fikrincə, əsas məqsəd sərt pəhriz saxlamaq deyil, qidalanma sistemini uzunmüddətli perspektivdə əzələləri, sümükləri, ürəyi və beyni dəstəkləyəcək şəkildə qurmaqdır. Bunun üçün fərdi sağlamlıq göstəriciləri nəzərə alınmaqla həkim və ya dietoloq məsləhəti almaq tövsiyə olunur.
Qidalanmanın əsasını kifayət qədər zülal mənbələri — balıq, quş əti, yumurta, süd məhsulları, paxlalılar və tofu təşkil etməlidir. Gündəlik rasionda tərəvəz və meyvələr, tam taxıllı məhsullar, qoz-fındıq, toxumlar və keyfiyyətli bitki yağları da mühüm yer tutmalıdır. Sümük və əzələ sağlamlığı üçün süd məhsulları, yağlı balıq növləri, yaşıl yarpaqlı tərəvəzlər və paxlalılar xüsusilə faydalıdır.
Həkim qeyd edib ki, 40–50 yaşdan yuxarı şəxslər üçün gündəlik hər kiloqram bədən çəkisinə ən azı 1–1,2 qram zülal qəbul etmək məsləhətdir. Yağların əsas hissəsi doymamış yağlardan — balıq, zeytun yağı və qoz-fındıqdan alınmalıdır. Karbohidratlar isə əsasən tam taxıllar, tərəvəzlər, meyvələr və paxlalılardan əldə edilməli, şəkər, ağ un məhsulları və şirin içkilərin miqdarı azaldılmalıdır. Bu yanaşma insulin müqaviməti və diabet riskinin azalmasına kömək edir.
Mütəxəssisin sözlərinə görə, 40 yaşdan sonra kalsium, D vitamini, maqnezium, kalium, B qrupu vitaminləri və omeqa-3 yağ turşuları xüsusi əhəmiyyət daşıyır. Bu maddələr sümük sıxlığının qorunmasına, ürək-damar sisteminin sağlamlığına, qan yaranmasına və sinir sisteminin normal fəaliyyətinə dəstək verir.
Eyni zamanda duzun həddindən artıq qəbulu, şəkər və rafinə edilmiş karbohidratlar, ultraemal olunmuş məhsullar, trans yağlar və həddindən artıq alkoqol istifadəsi məhdudlaşdırılmalıdır. Həkim xəbərdarlıq edib ki, sərt pəhrizlər və kalorinin kəskin azaldılması xüsusilə qadınlarda əzələ və sümük kütləsinin daha sürətlə itirilməsinə səbəb ola bilər.
Ekspertlərin qənaətinə görə, 40 yaşdan sonra düzgün qurulmuş qidalanma rejimi yaşlanma ilə əlaqədar yaranan bir çox sağlamlıq probleminin qarşısını almağa və həyat keyfiyyətini qorumağa kömək edir.
//Gülnarə Abasova, Editor.az


