İranın Hörmüz boğazına nəzarət etmək istiqamətində göstərdiyi müqavimət qlobal səviyyədə Yaxın Şərqdən enerji məhsullarının ixracında bu boğazdan asılılığın azaldılması istiqamətində səylərin artırılmasına səbəb olub.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ İraq neftinin Hörmüz boğazından yan keçməsinə imkan verəcək neft kəməri çəkmək üçün İraq və Suriya ilə danışıqlar aparır.
Məlumatlı mənbələr agentliyə bildiriblər ki, bu marşrutun gələcəkdə İranın qlobal enerji təchizatına təsirini azaldacağı gözlənilir.
Bu mənbələrə görə, ABŞ-ın Suriya və İraq üzrə xüsusi elçisi Tomas Barrak layihəni hər iki ölkənin nümayəndələri və dünyanın ən böyük enerji korporasiyalarından biri olan Chevron da daxil olmaqla Amerika şirkətləri ilə müzakirə edir. Baxılan əsas seçim 20 ildən çoxdur ki, istifadəsiz qalan Kərkük-Baniyas boru kəmərinin bərpasıdır. O, Şimali İraqı Suriyanın Aralıq dənizi sahilləri ilə birləşdirir. Nəşr qeyd edib ki, Suriyanın şimal-qərbindəki Baniyas şəhəri ölkənin ən böyük neft emalı zavoduna ev sahibliyi edir. Eyni adlı limanın inkişafının ixrac imkanlarını genişləndirməsi və qlobal bazarlara çıxışı gözlənilir.
Alternativ olaraq, tərəflər İraqın cənubundakı Bəsrədən şimaldakı Hədisə şəhərinə neftin daşınması üçün boru kəmərinin tikintisini müzakirə edirlər.
ABŞ Dövlət Departamenti Vaşinqtonun ölkələr arasında ticarət yollarının inkişaf etdirilməsi üçün boru kəmərinin bərpasını dəstəklədiyini təsdiqləyib. Amerika tərəfi ABŞ şirkətlərinin onun tikintisində iştirak etməsini gözləyir.
Bu ideya Yaxın Şərqdə son zamanlar gərginliyin artması fonunda yeni təkan qazanıb. ABŞ və İran arasındakı münaqişə zamanı boğaz uzun müddət bağlanıb və bu, tarixdə enerji təchizatının ən böyük kəsilməsinə səbəb olub, region ölkələrinin iqtisadiyyatına zərər vurub.
Bloomberg qeyd edir ki, Suriyada boru kəmərinin tikintisi çoxsaylı çətinliklərlə doludur. Təklif olunan marşrutlar terrorçu qrupların aktiv qaldığı qərbi İraqdakı Ənbar əyalətindən və şərqi Suriyadan keçəcək.
Bundan əlavə, investorlar qərar qəbul edərkən illərlə davam edən dağıdıcı vətəndaş müharibəsindən sonra ölkədə sabitliyin təmin edilməsində yeni hökumətin uğurlarını nəzərə almalıdırlar.
Digər bir çətinlik isə Kərkük-Baniyas boru kəmərinin böyük hissəsinin onilliklərdir istifadəsiz qalması və nasos stansiyaları və digər infrastrukturla birlikdə tamamilə yenidən qurulmasının vacib olmasıdır ki, bu da milyardlarla dollara başa gələ bilər.
The Financial Times qəzeti isə Hörmüzdən asılılığın azaldılması üçün Birləşmiş Ərəb Əmirliklərində görülən işlərdən yazıb. Qəzet bildirir ki, Dubayda yerləşən dövlətə məxsus DP World şirkəti BƏƏ-nin şərq sahilində dəniz limanı və konteyner terminalı tikmək niyyətindədir: “DP World Dubayın flaqman Cəbəl Əli mərkəzinə olan asılılığını azaldaraq Hörmüz boğazından yan keçməklə Birləşmiş Ərəb Əmirliklərinin şərq sahilində yeni bir liman və konteyner terminalı tikməyi planlaşdırır”.
DP World-ün artıq BƏƏ hakimiyyəti ilə ilkin danışıqlar aparıdığı, lakin yeni layihənin strukturu və maliyyələşdirilməsinin hələlik yekunlaşdırılmadığı qeyd edilir. Nəşrin məlumatına görə, Dubayda yerləşən operator Fujayra sahillərində çoxməqsədli limanın, eləcə də əmirliyin mövcud limanında yeni terminalın tikintisini müzakirə edir.
Şirkət layihələrin təfərrüatlarını açıqlamaqdan imtina edib: “Bizim öz planımız var və DP World baxımından şərq sahilindəki imkanları fəal şəkildə araşdırırıq. Bu, bir növ sığorta tədbiridir”.
Regionun ən böyük konteyner mərkəzi olan Cəbəl Əli limanında fəaliyyət Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi səbəbindən 90-95 faiz azalıb və bu da şirkəti alternativ yollar axtarmağa məcbur edib.
Qeyd etməyə dəyər ki, Hörmüz boğazından təhlükəsiz və maneəsiz keçid məsələsi ilk dəfə 1980-1988-ci illərdə baş verən İran-İraq müharibəsi zamanı, müharibə edən tərəflər bu vacib su yolundan keçən tankerlərə hücum etdikdə ortaya çıxıb. Bu böhrandan sonra Körfəz ölkələrindən Səudiyyə Ərəbistanı Krallığın şərq sahilini Qırmızı dənizdəki Yanbu əl-Bəhr limanı ilə birləşdirən Şərq-Qərb Neft Boru Kəmərini inşa etdi. Bir neçə il sonra BƏƏ Əbu-Dabi əmirliyindən Oman körfəzinə qədər Həbshan-Füceyra boru kəmərini işə saldı.

İraq isə əvvəldən Kərkük-Ceyhan neft kəmərini tikmişdi və onunla nəqli təmin etdi. Bu kəmərin gündəlik ötürücülük gücü azdır – 250 min barel. İndi isə Hörmüz boğazının blokadası İraqı may ayının əvvəlində tender elan edilmiş 4,6 milyard dollarlıq Bəsrə-Hədisə neft kəməri infrastruktur layihəsinin həyata keçirilməsi səylərini sürətləndirməyə məcbur edib. Layihəyə əsasən boru kəmərinin bu hissəsi İraqın cənubundan Suriya sərhədinə doğru 685 kilometr uzanacaq və daha sonra İordaniyanın Qırmızı dəniz sahilindəki Əqəbə limanına, eləcə də Suriya və Türkiyəyə qədər uzadıla bilər. Tamamlanarsa, bu iddialı layihə gündə 3 milyon barelə qədər neft nəql edə biləcək.
Həmçinin hazırda İran böhranı fonunda BƏƏ və Səudiyyə Ərəbistanı mövcud olanlara paralel olaraq daha bir neçə boru kəməri tikməyi planlaşdırır. Əmirlik və Səudiyyə Ərəbistanı hakimiyyətlərinin ciddi niyyətləri investor axtarışı ilə təsdiqlənir və Amerika maliyyə korporasiyaları artıq investor kimi çıxış etməyə razılıq veriblər. Amerikalıların özləri, xüsusən də Hörmüz boğazına alternativ infrastruktur və logistika sisteminə sahib olmaqda maraqlıdırlar, çünki bu, onların maliyyə nəzarəti altında olacaq.
Təklif olunan layihələr, həqiqətən də etibarlıdır və bunu Əmirliklər və Səudiyyə Ərəbistanının mövcud neft kəmərlərindən istifadə təcrübəsi də sübut edir. Səudiyyə Ərəbistanı boru kəməri artıq gündə maksimum 7 milyon barel tutumunu nəql edir, Əmirlik boru kəməri isə hazırda 1,8 milyon barel ilə işləyir və zərurət yarandıqda tutumu artırmaq potensialı var. Hətta sonuncu baş versə belə, mövcud tutum tankerlərin gündə 15 milyon barel neft daşıdığı Hörmüz boğazını əvəz etməyəcək. Buna görə də hər iki ölkə mövcud boruların yanı ilə ikinci boru xəttini çəkirlər.
İrana bağlı Husi üsyançılarının Qırmızı dənizdən Aralıq dənizinə keçiddə mühüm həlqə olan Bab-əl-Məndab boğazını bağlamaq hədələri Səudiyyə Ərəbistanı üçün ciddi təhdid formalaşdırır. Bu ölkənin Hörmüzdənkənar daşımaları məhz Qırmızı dəniz vasitəsilə mümkündür.

Politoloq Heydər Oğuz ABŞ-İran münaqişəsi fonunda Hörmüzün əhəmiyyətini kəskin azaldacaq daha bir layihənin reallaşmasını mümkün sayır: “İranın Hörmüz boğazı ilə bağlı hoqqalarından sonra dünyanın güc mərkəzləri bu boğazdan yan keçən alternativ layihələr barədə düşünür. Əsas alternativlərdən biri də IMEC projesidir”.
Onun sözlərinə görə, Oman körfəzindən başlayıb BƏƏ, Səudiyyə Ərəbisitanı, İordaniya üzərindən keçərək İsrailə, oradan isə dəniz yolu ilə Yunanıstana açılan bu proje həyata keçirilərsə, İranın neft və qaz ixracatı tamamilə dayandırılacaq: “Bundan əlavə, Bab əl-Məndəb boğazına da ehtiyac qalmayacaq. Nəticədə İranla yanaşı Yəmən də öz strateji əhəmiyyətini itirəcək. Dünya dövlətləri isə yeni ticarət marşrutu qazanacaq. Yəni olan İrana və onun proksi qüvvəsi sayılan Husilərə olacaq. Ən çox qazananlardan biri isə İsrail olacaq. İran rəsmiləri bunu bilmirlərmi? Mən bilirəmsə, deməli, onlar da bilirlər. Buna baxmayaraq, öz ayaqlarına sıxırlar”.
Qeyd edək ki, Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (IMEC) yaradılması planları 2023-cü ilin sentyabr ayında Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində açıqlanıb. Bu dəhliz üzrə anlaşma memorandumu Avropa Birliyi, Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ, ABŞ və digər G20 tərəfdaşları tərəfindən imzalanıb.
Layihənin əsas məqsədlərindən biri yüklərin çatdırılma müddətinin 40 faiz azaldılması və digər xərclərə, o cümlədən yanacağa qənaət etməkdir. Dəhlizin cənub marşrutu Hind okeanını Yaxın Şərq və Afrikanın cənubu ilə, şimal marşrutu isə Fars körfəzini Avropa ilə birləşdirəcək.
ABŞ Afrikanı da IMEC-ə cəlb etmək niyyətindədir. Vaşinqton hələ 3 il əvvəl layihə çərçivəsində Afrika dərinliklərindən Anqolanın okean sahillərinə qədər dəmiryolu xəttinin çəkilməsini maliyyələşdirəcəyini açıqlayıb. Avropa İttifaqı da bu layihəyə investor kimi qoşulmaq niyyətindədir. Transafrika dəhlizi adlandırılan layihə Konqonun Katanqa əyaləti və Zambiyanın mis mədənləri olan ərazini Anqoladakı Lobitu limanı ilə birləşdirəcək dəmiryol xəttinin çəkilməsini nəzərdə tutur.

Bir çox ekspertlər IMEC-in Ərəb dövlətlərinin öz aralarında, həmçinin İsraillə onlar arasında inteqrasiyanı dərinləşdirəcəyi fikrindədirlər.
İMEC həm də Hindistanla Çin, ABŞ-la Çin, Aİ ilə Çin arasında Yaxın Şərq və Afrika uğrunda mübarizənin yeni mərhələsinin əsası hesab olunur. Çin İsrail, Səudiyyə və digər Yaxın Şərq ölkələrinə investisiyalarla nüfuzunu sürətlə artırır. İMEC bu artımın qarşısını almaq, region ölkələrini Çinin “Bir Kəmər Bir Yol” təşəbbüsündən uzaqlaşdırmaq məqsədi daşıyır. Hazırkı şərtlər Yaxın Şərq, xüsusilə də Körfəz ölkələrini layihənin icrasında aktivləşməyə vadar edə bilər.
