İndoneziyada vulkan həyəcanı: yüz minlərlə sərnişin yollarda qaldı, hava limanları fəaliyyətini bərpa etdibackend

İndoneziyada vulkan həyəcanı: yüz minlərlə sərnişin yollarda qaldı, hava limanları fəaliyyətini bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada Anak-Krakatau vulkanının püskürməsi ölkənin hava nəqliyyatında ciddi fasilələrə səbəb olub. Vulkanik külün yayılması nəticəsində bir neçə hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb, minlərlə aviareys ləğv edilib, gecikdirilib və ya başqa hava limanlarına yönləndirilib.

Editor.az xəbər verir ki, İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, vulkanik külün yayılması nəticəsində ümumilikdə 2 961 reysin fəaliyyəti pozulub. Bunlardan 2 339-u daxili, 622-si isə beynəlxalq uçuşlar olub. Hadisədən təxminən 341 min sərnişin zərər çəkib.

Vulkanın püskürməsi nəticəsində yaranan kül buludu Cakarta və ətraf ərazilərə yayılıb. Təhlükəsizlik məqsədilə Soekarno-Hatta Beynəlxalq Hava Limanı da daxil olmaqla səkkiz hava limanının fəaliyyəti dayandırılıb. Vulkanik kül təyyarələrin mühərrikləri üçün ciddi təhlükə yaratdığından aviasiya orqanları uçuşların təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər görüb.

Sentyabrın 8-də isə vəziyyətin nisbətən sabitləşməsindən sonra hava limanlarının bir hissəsində uçuşlar bərpa olunub. Cakartadakı Soekarno-Hatta və Halim Perdanakusuma hava limanları, həmçinin bəzi regional hava limanları yenidən fəaliyyətə başlayıb. Uçuşların bərpasından əvvəl təyyarələr texniki baxışdan keçirilib, uçuş-enmə zolaqları və digər hava limanı infrastrukturu vulkanik küldən təmizlənib.

Bununla belə, aviaşirkətlərə və pilotlara vulkanik külün yayıldığı məhdudlaşdırılmış hava məkanlarından uzaq durmaq tapşırılıb. Səlahiyyətlilər kül buludunun hərəkətini və küləyin istiqamətini diqqətlə izləyirlər.

Anak-Krakatau vulkanında yeni püskürmələr də qeydə alınıb. Mütəxəssislər yeni püskürmələrin aviasiyaya təsir göstərə biləcəyini istisna etmirlər. Riskin səviyyəsi əsasən vulkanik külün hansı istiqamətdə və hansı hündürlüyə yayılmasından asılı olacaq.

Anak-Krakatau Yava və Sumatra adaları arasında, Sunda boğazında yerləşir. Vulkan İndoneziyanın ən aktiv vulkanlarından biri hesab olunur və 1883-cü ildə nəhəng püskürmə nəticəsində dağılan Krakatau vulkanının qalıqları üzərində formalaşıb.

İndoneziya Sakit okeanın “Od halqası” adlandırılan yüksək seysmik aktivlik zonasının üzərində yerləşir. Ölkədə 120-dən çox aktiv vulkan var və buna görə də vulkan püskürmələri, zəlzələlər və digər təbii hadisələr tez-tez baş verir.

Hazırda İndoneziya hakimiyyəti Anak-Krakatau vulkanının fəaliyyətini və vulkanik külün yayılmasını nəzarətdə saxlayır. Hava limanlarında uçuşların tam qrafik üzrə bərpasının isə vəziyyətdən asılı olaraq mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir.

//Gülnarə Abasova, Editor.az