Məktəblər açılır, viruslar artır: Uşaqları infeksiyalardan necə qorumalı?backend

Məktəblər açılır, viruslar artır: Uşaqları infeksiyalardan necə qorumalı? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərin açılmasına sayəlı günlər qalıb. Uşaqlar uzun müddət ev şəraitindən çıxaraq yenidən kollektivə qayıdırlar. Bu dövrdə xüsusilə sentyabr və oktyabr aylarında uşaqlar arasında müxtəlif virus və infeksiyaların yayılması halları artır. Yaxın təmas, qapalı məkanlarda uzun müddət qalmaq və havaların dəyişməsi xəstəliklərin yayılma riskini yüksəldə bilər.

Bəs valideynlər bu dövrdə uşaqların sağlamlığını qorumaq üçün nələrə diqqət etməlidirlər və hansı əlamətlər zamanı uşağı məktəbə göndərmək olmaz?

Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı Musavat.com-a bildirib ki, payız və qış aylarında virus infeksiyalarının artmasının əsas səbəbi orqanizmin, xüsusən də burnun qoruma sisteminin zəifləməsi ilə əlaqədardır:

“İsti mühitdə və havada burunda xüsusi qovuqcuqlar yaranır ki, onlar virusları və infeksiyaları tutub saxlayır, orqanizmə keçməsinə və xəstəlik törətməsinə imkan vermir. Soyuq havalarda isə həmin qovuqcuqların sayı azalır. İnsanlar kollektivə, adamların çox olduğu yerlərə gedəndə bu müdafiə mexanizmi zəiflədiyindən başqalarından infeksiyaya asanlıqla yoluxurlar. Məktəb, bağça, mağaza, ticarət mərkəzi kimi insanların sıx olduğu məkanlarda infeksiya çox sürətlə yayılır. Çünki xəstə bir şəxs həmin mühitə daxil olduqda viruslar havaya yayılır və digər insanların da qoruyucu səddi zəif olduğu üçün xəstəliyə tutulurlar. İsti aylarda isə burundakı həmin qovuqcuqlar kifayət qədər aktiv olur, virusları zərərsizləşdirir və xəstəliyin baş verməsinin qarşısını alır. Virus infeksiyalarının soyuq havalarda artmasının ana səbəblərindən biri budur”.

Həkim qeyd edib ki, yay aylarında meyvə-tərəvəzin bol olması, qidanın vitamin və mikroelementlərlə zənginliyi, eləcə də günəş şüalarının təsiri ilə D vitamininin kifayət qədər qəbul edilməsi orqanizmi və immun sistemini möhkəmləndirir, xəstəliklərə qarşı dözümlülüyü artırır: “Qış aylarında isə D vitamini səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Araşdırmalar göstərir ki, xüsusilə məktəb və bağça yaşlı uşaqlar bu dövrdə D vitaminini demək olar ki, qəbul etmirlər. Bununla yanaşı, qışa doğru yayda olduğu qədər vitaminli meyvə və tərəvəzlərin tapılmaması da immunitetin tədricən zəifləməsinə gətirib çıxarır. Həmçinin, viruslara təkrar-təkrar yoluxmaq bədənin müqavimətini aşağı salır, hər xəstəlik zamanı antibiotiklərdən istifadə edilməsi isə orqanizmi zəiflədərək yenidən yoluxmalara şərait yaradır. Üçüncü səbəb isə yay aylarında uşaqların sıx təmasda olmamasıdır. Məktəb və bağçaların bağlı olması, eləcə də uşaqların şəhərdə deyil, daha çox kəndlərdə vaxt keçirməsi infeksiyanın yayılma zəncirini qırır. İnsanlar arasında sıxlıq və yaxın təmas olmadığı üçün xəstəliklər sürətlə yayıla bilmir. Bütün bu amillər yay aylarında xəstələnmə halları az olduğu halda, qışda niyə kəskin artdığını izah edir”.

Gülşən Əliyevanın sözlərinə görə, qış aylarında D vitamini səviyyəsi aşağıdırsa, bu vitaminin qəbul edilməsi tövsiyə olunur:

“Həmçinin, daha çox yerli və mövsümündə öz vitamin-mikroelement dəyərini qoruyan təzə meyvə-tərəvəzlərdən müntəzəm istifadə edilməli, faydasız və “ölü” qidalardan uzaq durulmalıdır. Uşaqların qış aylarında idmanla məşğul olması da orqanizmin və immunitetin xeyli güclənməsinə kömək edir. Məktəb dövründə dərs yükü səbəbindən uşaqlar gec yatıb tez oyanırlar və yuxusuzluq yaranır. Buna görə də yuxu rejiminin nizamlanması vacibdir. Bütün bu tədbirlər uşaqların immun sistemini və viruslara karşı müqavimətini gözəçarpan dərəcədə artırır. Ümumiyyətlə, xəstələnmək özü də təbii bir prosesdir. Uşaqların virusa yoluxması tamamilə təbiidir və bu zəncir qırıldıqda daha böyük problemlər ortaya çıxa bilər. Ona görə də uşaqların vaxtaşırı viruslarla kontaktda olması onların immunitetinin formalaşmasına və böyüdükcə orqanizminin möhkəmlənməsinə xidmət edir”.