“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Azərbaycanın müstəqilliyi ilə bağlı təbrikləri iki ölkə arasında strateji münasibətlərə verilən önəmin göstəricisidir. Bununla belə, Türkiyədə bəzi siyasi şəxslərin və sosial media istifadəçilərinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi yanaşmalar müəyyən suallar doğurur”.
Bu fikirləri siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyətinin xoşməramlı mesajları ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləsə də, bu, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin gələcəkdə təkrarlanmayacağına dair etibarlı təminat kimi qiymətləndirilə bilməz:
“AKP daxilində bəzi şəxslərin Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə xarakterli çıxış və davranışlarının qarşısının alınması istiqamətində konkret addımların atılması vacibdir. Strateji tərəfdaşlığın mahiyyəti yalnız rəsmi bəyanatlarla deyil, eyni zamanda qarşılıqlı hörmət və suverenliyə münasibətlə də müəyyən olunur.
Türkiyənin siyasi və media məkanında, xüsusilə sosial şəbəkələrdə Azərbaycan əleyhinə səsləndirilən təhqiramiz ifadələr və ölkə rəhbərliyinə qarşı nümayiş etdirilən qeyri-məqbul münasibətlər təəssüf doğurur. Azərbaycan ictimaiyyətində belə halların Türkiyə hakimiyyətinin iradəsindən kənarda baş verib-vermədiyi ilə bağlı suallar yaranır. Bu baxımdan, rəsmi Ankaranın sözügedən yanaşmalarla əlaqəsinin olmadığına dair ictimai etimadı gücləndirən mövqeyin ortaya qoyulması əhəmiyyətlidir.
Türkiyə-Azərbaycan münasibətlərinin strateji xarakteri qorunmaqla yanaşı, sosial media və ənənəvi media platformalarında iki ölkənin münasibətlərinə xələl gətirən hallara qarşı da prinsipial mövqe nümayiş etdirilməlidir.
Türkiyə rəhbərliyinin Azərbaycana ünvanladığı təbriklər və xoşməramlı mesajlar müsbət qiymətləndirilməlidir. Lakin paralel şəkildə Azərbaycana qarşı təhqiramiz münasibətlərin davam etməsi həmin mesajların təsirini zəiflədir və strateji tərəfdaşlığın ruhuna uyğun gəlmir”.
//Gülnarə Abasova, Editor.az

