İsrail hökuməti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı yeni qətnamə qəbul edib.
Qətnamə təşəbbüsü ilə ötən həftə İsrailin xarici işlər naziri Gideon Saar çıxış etmişdi. Bu gün isə sənəd hökumətin iclasında səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.
Qətnamənin qəbulundan sonra açıqlama verən Gideon Saar bunun İsrail üçün mənəvi məsuliyyət məsələsi olduğunu bildirib:
“Düzgün işi görmək üçün heç vaxt gec deyil. 100 ildən çox əvvəl baş vermiş və tarixi faktlarla bağlı heç bir mübahisəsi olmayan bu dəhşətli soyqırım 1,5 milyon insanın qətlini və qədim mədəni-tarixi irsin məhv edilməsini əhatə edirdi. Mənim fikrimcə, bu gün təsdiqlədiyimiz qətnaməni qəbul etmək yəhudilər və əlbəttə ki, yəhudi xalqının dövləti olaraq bizim mənəvi borcumuzdur”.
Politoloqlar qeyd edir ki, İsrailin bu addımı regionda və beynəlxalq aləmdə geniş rezonans doğura bilər. Qətnamənin Türkiyə-İsrail münasibətlərinə, həmçinin Cənubi Qafqazda geosiyasi proseslərə necə təsir göstərəcəyi maraq doğuran əsas məsələlərdən biridir.
Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, İsrail hökumətinin “erməni soyqırımı”nı tanıması barədə qərarı Türkiyə-İsrail münasibətlərində mövcud olan gərginliklə bağlıdır:
“Uzun müddətdir ki, bu gərginlik davam edir. İsrailin Yaxın Şərq siyasəti, Qəzzanı bombardman etməsi, fələstinlilərlə arasındakı qarşıdurma Türkiyə ilə münasibətlərə də mənfi təsir göstərib. Bu baxımdan, “erməni soyqırımı”nın tanınmasını İsrailin Türkiyəyə qarşı növbəti addımı kimi qiymətləndirmək olar”.
Politoloqun fikrincə, İsrailin bu qərarı iki ölkə arasındakı münasibətlərə daha da mənfi təsir göstərəcək: “Amma İsrail çox ədalətsiz qərar qəbul etdi. Məncə, bu qərarın strateji nəticələri kifayət qədər hesablanmayıb. Çünki bu, Türkiyəyə ciddi mənfi təsir etməyəcək. Əksinə, Cənubi Qafqazda gedən müəyyən proseslərə mənfi təsir göstərə bilər. Məsələn, İsrail Ermənistan hökuməti və Nikol Paşinyanla sıx dialoqa malikdir”.
Elxan Şahinoğlunun sözlərinə görə, belə bir qərar qəbul etməklə İsrail hökuməti əslində Ermənistanın baş naziri Nikol
“Paşinyana ayı xidməti göstərmiş oldu. Çünki bu dırnaqarası qətnamənin qəbulu erməni radikal müxalifətinin, kilsəsinin və erməni lobbisinin işinə yarayacaq, Paşinyana təzyiqləri daha da artıracaq. Paşinyan ümumiyyətlə “soyqırım” məsələsini erməni cəmiyyətinin gündəmindən çıxarmağa çalışır ki, bu mövzu unudulsun, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına şərait yaransın. Amma İsrail faktiki olaraq unudulmağa başlayan bir məsələni yenidən gündəmə gətirməklə Paşinyanın mövqeyinə də dolayısı ilə təsir etmiş oldu. Əlbəttə, bu qərar Azərbaycanda da narazılıq və narahatlıqla qarşılanıb”.
Politoloq hesab edir ki, Azərbaycan da öz narazılığını bildirməlidir: “Baxmayaraq ki, İsraillə tərəfdaşlıq münasibətlərimiz var, İsrail belə bir yanlış qərar qəbul edərkən Azərbaycanla əməkdaşlığını və tərəfdaşlığını da nəzərə almalı idi. O bilməli idi ki, Azərbaycan Türkiyənin müttəfiqidir və biz belə məsələlərə seyirçi qala bilmərik. Türkiyənin yanında olduğumuzu hər zaman nümayiş etdirmişik. Bir daha qeyd edirəm ki, İsraillə tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Ancaq mən bu qətnamənin proseslərə ciddi təsir edəcəyini düşünmürəm. Belə dırnaqarası qətnamələr bundan əvvəl də bir sıra Avropa ölkələrində qəbul olunub, Amerikanın müxtəlif ştatlarında gündəmə gətirilib, Konqresdə müzakirə olunub. Lakin bunların heç biri Türkiyəyə zərrə qədər təsir göstərməyib. Türkiyənin dünya dövlətləri ilə münasibətləri davam edir, əməkdaşlığı genişlənir. Hətta Donald Trampın da bir neçə gündən sonra Türkiyəyə səfəri gözlənilir. Bu məsələ də zaman keçdikcə unudulacaq.
Sadəcə, indiki məqamda bu dırnaqarası qətnamənin qəbul edilməsi, yenə də təkrar edirəm, bölgədə, hətta Cənubi Qafqazda sülhə və əməkdaşlığa qarşı olan qüvvələrin əlinə oynayacaq. Məhz bu məqam böyük narahatlıq doğurur”.
Müsavat.com

